Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın davam edir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.
Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Sakinlər və media nümayəndələri əraziyə buraxılmır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) də Qaradağ rayonu ərazisində qaz xəttində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, partlayış nəticəsində yaranan yanğının söndürülməsi prosesi davam edir.
«Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb», – deyə məlumatda qeyd edilir.
FHN bildirir ki, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələrinə təhlükə yoxdur.
***
Bakının Qaradağ rayonunda qaz xəttində partlayış olub.
Bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
O bildirib ki, Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təyziqi olan qaz xəttinin partlaması nəticəsində partlayış baş verib: “Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparırıq”.