Samir Əliyev: «Kiçik və orta sahibkarlıq subyekti olmayan ölkədə orta təbəqə ola bilməz»
Böhran dövründə hökumət təmsilçilərindən bir-birinə zidd açıqlamalar gəlməkdədir. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, Azərbaycanda əhalinin 29 faizi orta təbəqənin nümayəndəsidir.
R.Aslanlı deyib: «Dünyada orta təbəqə nümayəndələrinin sayı dünya əhalsinin 14 faizini təşkil edir. Ənənəvi olaraq yüksək gəlirə sahib olan Avropa və Şimali Amerikada bu göstərici müvafiq olaraq 33 və 38 faizə bərabərdir».
Əslində bu açıqlama hakimiyyətin apardığı başqa bir təbliğatı alt-üst edir. Bu təbliğat ölkədə cəmi 5 faizin yoxsulluq həddində olduğunu inkar edir. Əgər əhalinin 29 faizi orta təbəqənin nümayəndəsidirsə, yerdə qalan əhalini hansı kateqoriyaya aid etmək olar?
İqtisadçı Samir Əliyev bildirdi ki, digər iqtisadçılar da təsdiq edər ki, Azərbaycanda orta təbəqə yox səviyyəsindədir: «Əgər qiymətləndirmə aparsaq, o zaman məlum olacaq ki, Azərbaycanda orta təbəqə yoxdur. Azərbaycanda kəskin təbəqələşmə var. Az bir kəsim var ki, onların böyük maliyyəsi var. Böyük bir hissə isə var kİ, onların gəliri bir o qədər də yaxşı deyil. Onların əmək maaşları aydan-aya çətinliklə çatır. Artıq həmin təbəqədə də kasıblaşma başlayır. Kiçik və orta sahibkarlıq subyekti olmayan ölkədə orta təbəqə ola bilməz. Bunu biz bir neçə meyarla qiymətləndirə bilərik. Orta aylıq əmək haqqı 485-490 manat arasında dəyişir. Amma əhalinin böyük hissəsinin əldə etdiyi gəlirlər 200-300 manatdan artıq deyil. Azərbaycanda orta aylıq əmək haqqı ona görə yüksəkdir ki, neft, bank işçilərinin yüksək əmək haqları var. Məhz onların hesabına orta aylıq əmək haqqı yüksəkdir. Orta təbəqə Azərbaycanda yox səviyyəsindədir və ən əsası insanların dayanıqlı yaşayışı yoxdur. Əgər insanlar iş yerlərini itirsələr mütləq pulsuz qalacaqlar».
S.Əliyevin sözlərinə görə, Azərbaycanda orta təbəqənin 29 faiz olması fikri inandırıcı deyil. «Azərbaycanda çox az pay var ki, o orta təbəqə standartlarına uyğun gəlir».
Xəyal