Buna deyirlər “yetimin papağını əvvəlcə alıb, sonra da qaytararaq sevindirmək”. Bu dəfə heç papağı qaytarmadan sevindirmək istəyirlər xalqı. Qazın da, elektrikin də qaldırılmış yeni qiymətləri qalır. Sadəcə qaz üçün əvvəlki qiymətlə hesablanan hissə 13 faiz, elektrik üçün isə 20 faiz artırılıb. Ailə büdcəsinə çox az təsir edəcək. Üstəlik, istehsalda, xidmətdə qaz və elektrik yeni yüksək qiymətlərlə hesablanaraq, digər məhsul və xidmətlərin də qiymətlərini qaldırmaqda davam edəcək. Məsələnin mənəvi tərəfi də var. Hakimiyyət açıq-aşkar xalqı aldatmağa çalışıb. İlham Əliyevin şəxsən təyin etdiyi nazir və nazir müavinlərindən ibarət olan Tarif Şurası guya özbaşına qaldırıbmış qiyməti, bir aydan sonra İlham Əiliyev xəbər tutub. Kimi aldatmaq istəyirsiniz? İndi daha belə avamlar qalmayıb.
Vətəndaşlar yazırlar, deyirlər ki, bizə xalqın problemlərindən xəbəri olan prezident lazımdır. Qaz və elektrikin qiymətinin qalxmasından İlham Əliyevin bir ay sonra “xəbər tutmasını” insanlar bəyənmir. Tarif Şurasının xalqdan aldığının az bir hissəsini “İlham Əliyevin tapşırığı ilə” xalqa qaytarması nəinki insanların ağır vəziyyətini yaxşılaşdırmır, heç piar aksiyası kimi də effektli deyil. Adamlar haqlı olaraq deyirlər ki, Tarif Şurasının qərarından dövlət başçısının həqiqətən xəbəri olmayıbsa, çox pis – deməli, ölkə idarə olunmur. Yox, əgər Tarif Şurası İlham Əliyevin özünün istəyilə qaz və elektrikin qiymətini qaldırıb, lakin indi dövlət başçısı Tarif Şurasını pis, özünü yaxşı kimi təqdim etmək üçün piar aksiyası edirsə, bu daha da pis. Çünki dövlət başçısı xalqı ilə səmimi olmalıdır, onu aldatmağa çalışmamalıdır.