Dekabrın 24-də Azərbaycanın ilk mətbu nəşrlərindən olan «Azadlıq» qəzeti 27 yaşını tamamlayır. İki əməkdaşı həbsdə, bir çoxu mühacirətdə olan «Azadlıq» qəzeti sentyabrın 6-dan çapdan çıxmır. «Azadlıq» adına indi ancaq azadliq.info saytı fəaliyyət göstərir. Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev AzadlıqRadiosuna qəzetin bugünkü durumundan və sabahkı planlarından danışır:
– İndiki dövr «Azadlıq» qəzetindən ötrü ən ağır iki ildən biridir. 1990-cı il yanvarın 20-də, sovet qoşunları Bakını işğal edən zaman da «Azadlıq» qəzetinin çapı dayandırılmışdı. İndi də təxminən eyni vəziyyətdir. Lap əvvəldən «Azadlıq» qəzetimüstəqillik uğrunda mübarizə aparan qüvvələrin tribunası idi. Son dövrlərdəki «Azadlıq» qəzeti Azərbaycan müxalifətinin – demokratiya uğrunda mübarizə aparan adamların ruporuna çevrilmişdi. Bunun qarşısı alındı. Yəni kağız variantının dərcinə imkan verilmədi. Çox təəssüf ki, biz «Azadlıq» qəzetinin 27 illiyini belə bir şəraitdə qarşılayırıq.
– Beş, lap 10 il öncəki ad günlərində «Azadlıq» qəzetinin öz ad gününü indiki durumda qeyd edəcəyini ağlınıza gətirirdinizmi, yoxsa, daha yaxşı mühit, iş şəraiti düşünürdünüz?
– «Azadlıq» qəzetinin ağır dövrləri az olmayıb. Qəzetin kollektivi çox ciddi təzyiqlər, həbslər görüb. Ancaq bu variantı proqnozlaşdırmaq çox çətin olardı.
– Artıq bir neçə aydır qəzet çıxmır. Gələn il haqda nə düşünürsünüz, «Azadlıq» qəzeti yenidən qəzet formasında oxucuların qarşısına çıxa biləcəkmi?
– Mən xeyli optimist adamam. Belə ağır şəraitdə fəaliyyət göstərmək insandan həm də çox ciddi mənəvi psixoloji amillər tələb edir. Optimizm, əlbəttə, çox vacibdir. Bəzi hallarda optimizm işin bir xeyli hissəsi deməkdir. Gələcəyə nikbin baxış olmasa, adamın əli-qolu soyuyar və çətin ki, nəsə bir iş görə bilərsən. Belə çətin durumda, nə qədər ağır olsa da, optimizmi qoruyub saxlamaq gərəkdir. Biz də bunu edirik. Bundan sonra Azərbaycanda ağır olacaq. Belə bir durum sosial-iqtisadi, siyasi vəziyyəti də gərginləşdirəcək. Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdən asılılığı artır. Bu da bu vaxta qədər bilavasitə aparılan siyasətin nəticəsidir. Ölkədə normal bazar münasibətlərini qurmaq, bazar mexanizmlərini işə salmaq haqqında düşünmədən böyük neft pullarını necə səpələmək barədə düşündülər. İndi artıq ən müxtəlif strukturlardan böyük məbləğdə kreditlər əldə etməyə çalışırlar. Güman edirəm ki, belə amillər Azərbaycan hakimiyyətini müəyyən qədər də olsa, ən azı, hansı addımlarsa atmağa vadar edəcək. Yəni bu, Azərbaycan hakimiyyətini demokratik dünya ilə müəyyən qədər olsa da, yaxınlaşmağa məcbur edəcək. Ümid edirəm ki, onda hansısa yumşalmalara getməyə məcbur olacaqlar.
– Bəs belə durumda «Azadlıq» qəzetinin maliyyə durumu necə olacaq?
– Bu baxımdan optimizmə elə də böyük əsaslar yoxdur. Ölkədə sosial iqtisadi durumun pisləşməsi hamımıza təsir edir. Təbii ki, çətin olacaq. Amma bütün bunlara baxmayaraq, çətin və ağır şəraitdə də fəaliyyətimizi davam etdirəcəyik. Ölkədə günü-gündən işsizlərin sayı hədsiz artır, adamlar cüzi əməkhaqqı əvəzində işləməyə məcburdurlar. Biz də elə təxminən o durumdayıq. Ancaq başladığımız işi davam etdirməyin də tarixi bir zərurət olduğunu anlayırıq.