«Neue Zürcher Zeitung» qəzeti Azərbaycan hakimiyyəti haqda ifşaedici məqalə yayımladı
«Əliyevin repressiv rejimi siyasi və iqtisadi islahatları özünün şəxsi iradəsinə uyğun həyata keçirir»
Almaniya mətbuatı “Eurovision” musiqi yarışması fonunda ölkəmizdə mülkiyyət hüquqlarının pozulmasıyla bağlı növbəti məqalə yayımlayıb. “Frankfurter Allegmeine” qəzetində dərc olunan məqalədə musiqi yarışmasına hazırlıq çərçivəsində Bakının mərkəzində aparılan tikinti-söküntü işləri zamanı vətəndaşları mülkiyyət hüquqlarının pozulduğu, onların haqlı şikayətlərinin isə dövlət qurumları və məhkəmələr tərəfindən qulaqardına vurulduğu bildirilir.
Qəzet yazır ki, Bakının mərkəzindəki evlərin söküntüsü zamanı vətəndaşlara ödənilən kompensasiyalar bazar qiymətlərilə müqayisədə çox azdır. Sakinlər onlara ödənilən məbləğlə əvvəlki mənzillərinə uyğun ev almaqda çətinlik çəkirlər. Hökumət isə bu faktı nəzərə almır. Bununla bağlı şikayətlər isə ümumiyyətlə, dövlət qurumlarının vecinə deyil.
“Eurovision”a milyonlarla dollar pul xərcləndiyi halda, sadə vətəndaşların kiçik tələbatları da ödənilmir. Evləri sökülənlərə kifayət qədər pul verilmədiyindən insanlar məhkəmələrə üz tutmalı olublar. Onların bir çoxunun şikayətləri rədd olunduğundan bu insanlar Avropa Məhkəməsinə qədər gedəcəklərini bildirirlər.
Məqalədə Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusdan da bəhs olunur. Bildirilir ki, ölkədə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən mülkiyyət hüquqlarının qorunması uğrunda mübarizə aparan hüquq müdafiəçisi Leyla Yunus hökumətin ciddi təzyiqlərilə üzləşir. Onun həyatına təhlükə yarandığı vurğulanır.
“Yerli fəallar ”Eurovision” musiqi yarışması öncəsi “Sing for democracy” (Demokratiya naminə oxu) adlı kampaniyaya başlayaraq, beynəlxalq diqqəti ölkədəki insan haqlarının durumuna yönəltmək istəyir. Bəzi hüquq müdafiəçiləri Avropa Yayım Şurasını Azərbaycandakı vəziyyətə münasibətdə açıq mövqe nümayiş etdirməməkdə günahlandırır”, – deyə “Frankfurter Allegmeine” yazır.
“Ölkədə insan haqlarının durumu dözülməzdir”
Bununla yanaşı, Isveçrənin “Neue Zürcher Zeitung” qəzetində də Azərbaycan hakimiyyətini ifşa edən məqalə dərc olunub. Məqalədə ölkəmizdəki ictimai-siyasi durum, Azərbaycan hakimiyyətinin repressiv addımları və digər özbaşınalıqlar qabardılıb.
“Neue Zürcher Zeitung” yazır ki, Azərbaycan özünü müasir, kosmopolit ölkə kimi təqdim etsə də, reallıq və müşahidə olunanlar tamam fərqlidir: “Ölkədə insan haqlarının durumu son dərəcə dözülməzdir. Ilham Əliyevin repressiv rejimi siyasi və iqtisadi islahatları özünün şəxsi iradəsinə uyğun həyata keçirir. Müxalifətin mitinqlərinə yalnız paytaxtdan kənarda icazə verilir. Müxalifətin mitinqinə toplaşan minlərlə insan Ilham Əliyevin istefasını tələb edir. Aksiyada demokratik tələblər səsləndirilir, plakatlar qaldırılır”.
Məqalə müəllifi yada salır ki, “Eurovision” musiqi yarışması dünyanın diqqətini Azərbaycana yönəldib. Azərbaycan hakimiyyəti isə bundan özünü reklam eləmək, olduğundan fərqli görünmək məqsədilə yararlanmağa çalışır: “Hökumət musiqi yarışmasına xüsusi hazırlaşır. Şəhərin mərkəzi təmizlənir, yollar yenidən təmir olunur, yarışmanın keçirilməsi üçün yeni konsert zalı tikildi. Konsert zalının tikintisi zamanı korrupsiyaya yol verildiyinə dair iddialar da yayılıb. Araşdırmalar nəticəsində məlum olub ki, konsert zalının tikintisini aparan şirkətlərdən biri Ilham Əliyevin ailəsinə məxsusdur. Bundan başqa, Əliyevin xanımı Mehriban Əliyeva yarışma üzrə Təşkilat Komitəsinin rəhbəridir. Konsert zalının tikintisi aparılan əraziyə yaxın evlərin söküntüsü də ciddi problemlər yaradıb. Kifayət qədər kompensasiya ala bilməyən sakinlər polis gücü ilə evlərindən çıxarılıb”.
Hakimiyyətin və müxalifətin mövqeyi
“Neue Zürcher Zeitung” qəzetindəki məqalədə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun son günlər daha çox səsləndirdiyi açıqlamalara da yer verilib: “Azərbaycan rəsmiləri ölkənin doğru istiqamətdə getdiyini və dünya mətbuatında ölkə ilə bağlı tənqidi məqalələrin ”qısqanclıq”dan qaynaqlandığını deyirlər”.
Qəzet buna cavab kimi, Azərbaycanın aparıcı müxalifət partiyalarının liderləri – AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbərin Ictimai Palatanın icazəli aksiyalarındakı çıxışlarına istinad edib: “Müxalifət liderləri Azərbaycandakı durumu hakimiyyət rəsmilərindən daha fərqli və dolğun izah edirlər. Onlar Azərbaycanda repressiv rejimin hökm sürdüyünü deyirlər. Mitinqdə çıxış edən müxalif liderlər Azərbaycanda diktatura rejiminin olduğunu, ölkənin maraqlarının hakim klan və oliqarxlar tərəfindən nəzərə alınmadığını bildiriblər. Müxalif liderlər ölkədə korrupsiya və qanunsuzluğun geniş yayıldığını deyirlər. Parlament kimi siyasi institutların demokratiyanın imitasiyasına xidmət etdiyini söyləyirlər”.
“Ölkədə keçirilən seçkilər ədalətli olmayıb”
Isveçrə qəzeti daha sonra yazır ki, Azərbaycan hakimiyyəti neft və qazdan gələn gəlirlər hesabına güclənərək, ölkədə bütün fərqli fikirləri boğmağa çalışır. Ölkə iqtisadiyyatının bütün sahələri hakim ailənin və oliqarxların nəzarətindədir: “Hazırkı prezident Ilham Əliyev hakimiyyəti 2003-cü ildə atasından təhvil alıb. O, 2009-cü ildə referendum keçirərək, prezidentliyə qoyulan məhdudiyyəti aradan götürdü. Ölkədə keçirilən son prezident və parlament seçkiləri ədalətsiz olub, demokratik tələblərə cavab verməyib”.
“Azərbaycanda məhkəmələr sifarişlə qərar qəbul edir”
“Neue Zürcher Zeitung” qəzeti Azərbaycanda müxalifətə və müstəqil mətbuata qarşı hücumlara da toxunub. Qəzet yazır ki, hakimiyyət müxaliflərə qarşı repressiyaları daha da sərtləşdirib. Ötən il dinc aksiya iştirakçıları həbs olunub. Isveçrə qəzeti ölkəmizdə məhkəmə hakimiyyətinin sifarişli olduğuna da diqqət çəkib: “Məhkəmə hakimiyyəti sifarişlə ədalətsiz qərarlar çıxarır. Hazırda ölkədə 17 vicdan məhbusu var. Azərbaycanda söz azadlığı da kobud şəkildə məhdudlaşdırılır. Hakimiyyəti tənqid edən jurnalistlər şərlənərək həbs olunur. Bundan qorxan media nümayəndələri özünüsenzura tətbiq etməli olurlar. Beynəlxalq təşkilatlar Azərbaycanda insan haqlarının bərbad olmasına, korrupsiya və qanunsuzluğun geniş yayılmasına görə hakimiyyəti sərt tənqid edir”.
Siyasət şöbəsi