Qapı-qapı düşüb pul axtranlar, milyardlıq layihələri necə həyata keçirəcəklər?
Uzun illərdi “analoqsuz siyasət”in hökm sürdüyü ölkədə yaşayırıq. Son 2 ildə isə “analoqsuz böhran” mərhələsinə qədəm qoymuşuq. Amma proses davam edir və indi də “analoqsuz imitasiya” dövrünü yaşayırıq.
Bəli, bir yandan böhran dərinləşir, valyuta ehtiyatları azalır, hökumət pul axtarışına çıxır, o biri yandan yeni layihələrə imza atacaqlarının anonsunu verirlər.
Gəlin, bir neçə xəbər başlıqlarını gözdən keçirək. “Maştağada “Sakit şəhər” salınacaq”, “Bakı ətrafında Universitet şəhərcikləri inşa olunacaq”, “Ələt qəsəbəsində 200 min nəfərin yaşayacağı şəhər salınacaq”, “Yeni metro stansiyaları tikiləcək”, “Bakıda 122 min bina söküləcək”, “Ələtdə yeni aeroport tikiləcək” və.s
Əlbəttə ki, bu layihələrin heç biri reallaşmayacaq və hamısı görüntü xarakteri daşıyır. Sadəcə olaraq hökumət “biz böhran dövründə də sürətlə inkişaf edirik” yalanını cəmiyyətə yedirtmək istəyirlər. Amma “yalançının yaddaşı olmaz” deyiblər. Bunlar bir tərəfdən gəlhagəldən danışırlar, o biri tərəfdən yarıtmazlığı etiraf edirlər.
Belə ki, Azərbaycan hökuməti Asiya İnkişaf Bankı (AİB) respublikanın iqtisadi inkişafına dəstək məqsədilə Asiya İnkişaf Bankından 500 mln. məbləğində kredit alıb. Məlumata görə, bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.
Həqiqətən də analoqsuz hökumətə sahibik. Bir təfədən ölkədə dəyəri milyardlarla ölçüləcək layihələrin icrasından danışırlar, o biri tərəfdən iqtisadi vəziyyəti düzəltmək məqsədiylə 500 milyon dollar kredit alırlar.
Necə olur ki, bu qədər böyük işlər görəcəyini bildirən hökumət 500 min dollardan ötrü əl-ayağa düşüb? İqtisadiyyatı dirçəltmək, əhalinin sosial vəziyyətini düzəltmək üçün 500 milyon dollar tapmayan hökumət aeroprtu, yeni şəhəri, metro stansiyasını necə tikəcək?
Bəli, umac ova bilməyənlər, əriştə kəsməkdən dəm vururlar. Ölkəni “böhran şəhəri”nə çeviriblər, “sakit şəhər” salmaqdan danışırlar. Ölkəni tənəzzül stansiyasına aparırlar, yeni metro stansiyasının tikilməsindən söhbət açırlar. Küçədə qalanlara ev verə bilmirlər, 122 min mənzilin söküləcəyi proqnozunu verirlər.
Quru vədlər, çürük təsəllilər, reallaşmayacaq layihələr havada uçuşur. “Sovetski”nin söküntüsünü başa çatdıra bilməyiblər, kanalizasiya probleminin həllində aciz qalıblar, Bakının kəndlərində hələ də qaz, işıq, yol, su problemi qalmaqdadır. Amma bütün bunlara baxmayaraq, hökumət “optimist”dir.
Bir sözlə, 500 milyon dolların axtarışına çıxanların, yeni layihələr vəd etməsi vətəndaşı növbəti dəfə aldatmaq, imitasiyanın yeni formalarını kəşf etməkdir. “Gələn il vəziyyət ağır olacaq” deyən də bunlardı, “Gələn il böyük layihələr həyata keçirəcəyik” deyən də. Amma gələn il üçün daha böyük borcun altına girmək haqqında düşünən də bu hökumətdir.
İlham