Ictimai Palata (IP) fəallarının siyasi məhbuslara azadlıq, demokratiya, azad seçki, korrupsiyaya son verilməsi tələbləri ilə Müsavat Partiyasının mərkəzi qərargahında keçirdiyi aclıq aksiyası davam edir. Bu gün aclıq aksiyasının 10-cu günüdür. Beynəlxalq aləmin diqqətində olan aksiya iştirakçıları hər gün ziyarət olunur.
Dünən də aksiyaya yeniləri qoşulub. Belə ki, Müsavat Partiyası Binəqədi rayon təşkilatının şura üzvü Mətanət Ismayılova, Müsavat Partiyası Yasamal rayon təşkilatının sədr müavini Sərəncam Ibrahimli və Müsavat Partiyası Nəsimi rayon təşkilatının sədri Xeyrulla Balaxanlı aclıq etməyə başlayıb.
Bundan başqa, IP üzü olan Milliyətçi Demokrat (Bozqurd) Partiyasının Qarabağ müharibəsi veteranları olan üzvləri – Mahar Cəfərzadə, Orxan Həsənov, Firudin Əhmədli, Ismayıl Əliyev, Kamal Əliyev və Əlövsət Israfilov aclıq aksiyasına başlayıblar.
Aclıq keçirilən ünvanda yerin darısqal olması aksiyaya qoşulmaq istəyənlərin niyyətini reallaşdıra bilmir. Onlarla insan var ki, aclıq aksiyasına qoşulmaq üçün növbəyə yazılıb.
Hazırda 16 nəfər aclıq edir. Yuxarıdan adlarını qeyd etdiyimiz şəxslərdən başqa sabiq baş nazir Pənah Hüseyn, vicdan məhbusu Vidadi Isgəndərlinin qardaşı Oqtay Isgəndərli, Müsavat fəalları Mübariz Hüseynov, Xuraman Bağırova, Rəna Rəhmanova, məhbus siyasətçi Nemət Pənahlının qardaşı Pənah Pənahov aclıq edənlərin sırasındadır.
Xəbər verdiyimiz kimi, aclıq aksiyası beynəlxalq aləmin diqqət mərkəzindədir. Ötən gün Fransanın, Almaniyanın, Hollandiyanın və başqa Avropa ölkələrinin telekanalları aclıq edənlərin tələblərini dinləyib, çəkiliş aparıblar.
Ramin DEKO