Əziz həmvətənlər, xəbəriniz varmı ki, “Nardaran işi” üzrə məhkəmə prosesi artıq ittiham olunan şəxslərin, onların yaxınlarının iştirakı olmadan keçirilir? Əvvəlcədən hiss etmişdim ki, “Nardaran işi”ndəki ifşalara hakimiyyətin əsəbləri dözməyəcək. Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfəri mühakimə etməli olan məhkəmə tamamilə rejimin öz ifşasına çevrilmişdi. Məhz bu prosesdə hakimiyyətin işgəncə aparatı bütün çılpaqlığı ilə ifşa olundu. Mühakimə edilənlərin cinayətkar yox, qurban olduqları üzə çıxdı. Və təzyiqlər bütün əndazanı aşdı. İstintaqın zorla boynuna qoyduğu ifadələrdən məhkəmədə imtina edən şahidləri hədələdilər, nəticə olmayanda tutub işgəncə verdilər, yenə də nəticə olmayanda qurama cinayət işlərilə həbs etdilər. Vəkillərə təzyiq etdilər, həbs olunanları hüquqi müdafiəsiz qoymağa çalışdılar. Məhkəmədə iştirak edənlərə hədə-qorxu gəldilər, inzibati həbs cəzası verdilər. “Nardaran məhbuslarını” müdafiə edən siyasətçiləri, ictimai xadimləri polisə aparıb hədələdilər. Və nəhayət, indi bütün hədləri aşaraq, daha bir analoqsuzluğa əl atıblar – ittiham olunan şəxsləri öz iştirakları olmadan mühakimə edirlər. Həm də bu məhkəmə prosesini onlar üçün əsl işgəncəyə çeviriblər. Hər dəfə məhkəmə iclası olanda Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərini gətirirlər məhkəməyə. Onları məhkəmə zalına buraxmırlar, lakin gətirib, soyuq zirzəmidə saxlayırlar və yalnız “məhkəmə prosesi” başa çatandan sonra qaytarırlar təcridxanaya.
Fuad bəy, Tale bəy və digər 16 nəfər bu zülmə, haqsızlığa etiraz edərək aclığa başlayıblar. Onlar özləri hər dəfə dedikləri kimi, heç bir zalımdan kömək ummurlar. Onlar aclıq aksiyaları ilə ilk növbədə xalq olaraq bizlərə müraciət edirlər. İstəyirlər ki, xalqı sevdikləri, ədalət naminə, öz idealları uğrunda dinc mübarizə apardıqları üçün onlara yaşadılan məhrumiyyətlərdən xalq olaraq bizim də xəbərimiz olsun. İstəyirlər ki, onların məhkəmə prosesində ortaya çıxan faktlardan istifadə edib, bu zülm və işgəncə maşınını sona qədər ifşa edək, mübarizəni davam etdirək və bu insanların taleyinə biganə qalmayaq. Onların mesajlarını aldınızmı?