Qiymət artıranlara barmaq silkələnməsi əks effekt verdi
YAP hakimiyyəti birqayda olaraq xalqa olmayan inkişafdan danışıb. İnsanlara inandırmağa çalışıblar ki, kasıb yaşamağın, varlı ölkənin bədbəxt vətəndaşına çevrilməyin əsas səbəbi fərsətsizlikdir. Yəni, sən pis yaşayırsansa, bunun günahı özündədir. Utanmadan sübut etməyə çalışıblar ki, yoxsulluq səviyyəsi 5 faizə düşüb, milyonlarla iş yeri açılıb, xalqın həyat şəraiti yaxşılaşıb və.s
Amma neftin qiymətinin kəskin ucuzlaşması göstərdi ki, bu hakimiyyət Azərbaycana misilsiz zərbə vurub və ölkənin diş çöpü istehsal etmək imkanı da yoxdur. Hamı başa düşdü ki, bir qrup adam neft pulları hesabına milyarderə çevrilib və bu pullar hesabına boşluqlar doldurulub. Yəni, aydın oldu ki, hakimiyyət dövlətin maraqları naminə heç bir iş görməyib, Allahın bəxş etdiyi sərətin hesabına öz təbliğatını aparıb.
Amma yarıtmaz siyasət ifşa olunduqdan sonra da hökumət ayıbına kor olmadı. Yenə də inkişafdan, uzaqgörən siyasətdən danışdılar. Son dövrlər isə böhran ölkəni elə mühasirəyə saldı ki, bəzi etiraflar etməyə məcbur oldular. Böhranın ilk dövrlərindən başalyaraq ölkə başçısı ciddi islahatlara başlanılacağını, qeyri-neft sektorunun inkişaf etdiriləcəyini bəyan etdi. Xüsusən birinci devalvasiyadan sonra xalqa vəd verildi ki, qiymətlər qalxmayacaq, kredit borcu olanlara güzəşt ediləcək, qiymət artıranlar cəzalandırılacaq. Hətta ölkə başçısı bildirdi ki, qiymət artıranlar natəmiz, möhtəkir adamlardı və bu məsləni şəxsən nəzarətə götürəcək.
Amma İlham Əliyevin alovlu çıxışlarından sonra qiymətlər sürətlə artmağa başladı. Birinci devalvasiyadan bugünə qədər ən azı 50 faizlik artım müşahidə olunub. Elə məhsullar var ki, 100 faiz qiyməti qalxıb. Amma qiymət artımı bununla da yekunlaşmadı. Qazın qiyməti 100 faiz, işığın qiyməti 57 faiz bahalaşdı. Bütün diqqətlərin qaz və işığa yönəlməsindən istifadə edərək dərmanların da qiyməti qalxdı. Böyük ehtimal var ki, yeni ildən bütün məhsulların qiyməti yenidən bahalaşacaq. Artıq İlham Əliyevin nə deməsinin heç bir əhəmiyyəti yoxdur. Asanlıqla qiymət artımının günahını Tarif Şurasının üstünə atırlar. Kimi dindirirsən deyir ki, bu məsləyə Tarif Şurası baxır. Balacaq ağlı işləyən adam bilir ki, bu ölkədə Tarif Şurasının heç bir səlahiyyəti yoxdur. Ən yuxarıdan razılıq gəlməsə heç bir məhsulun qiymət artımından söhbət gedə bilməz. Ölkə başçısının xəbəri olmadan qazın qiymətini bahalaşması necə mümkün ola bilər? Bu adam yumurtanın qiymətinin 1 qəpik bahalaşmasından xəbər tutubsa, ölkənin bahalıq boluğuna düşməsindən xəbərsiz ola bilərmi? Hətta təyinatlı deputatlar da qiymət artımını müzakirəyə çıxardılar, alovlu fikir söyləyənlər də oldu.
Göründüyü kimi növbəti dəfə xalqı ən yüksək səviyyədə aldatdılar. Bir tərəfdən qiymət artıranlara barmaq silkələyirlər, o biri tərəfdən qiymətləri silkələyirlər. Dəhşət burasındadır ki, qiymət artımına paralel olaraq maaşlarda, pensiyalarda, tələbə təqaüdlərində artım yoxdur. Yəni, məqsədli şəkildə xalq uçuruma yuvarlanır. Minimum əməkhaqqının 105 manat olduğu ölkədə hansısa məhsulun qiymətinin 100 faiz qalxması, milli valyutanın 110 faiz dəyər itirməsi vətəndaşın ölümü deməkdir.
Deməli, həm qiymət artımlarına münbit şərait yaradılıb, həm də vətəndaşı digər istiqamətlərdən sıxmaq prosesi gedir. Zərrə qədər xalq sevgisi olan hökumət bu qədər qiymət artımının qarşısında vətəndaşa müəyyən nəfəslik yaratmalıydı. Amma mövcud hakimiyyət üçün vətəndaş anlayışı çoxdan itib və yalnız öz sərvətlərini qorumağın yollarını axtarırlar.
Bir sözlə, ölkə başçısının hər müşavirədə səsləndirdiyi fikirlər sadəcə imitasiya idi. Vətəndaşa bir müddətlik təsəlli verdilər və qiymət artımına adaptasiya etdirdilər.
Mümkündür ki, qarşıdakı mərhələdə hansısa məhsulun qiyməti yenidən qaldırılsın və ölkə başçısı bu artıma etiraz etsin. Yəni, cəmiyyətdə elə bir təsəvvür yaransın ki, qiymət artırıldı və ölkə başçısı dərhal xalqın qayğısına qaldı. Beləliklə, əvvəlki artımları unutdurmağa, hökumətin humanistliyini qabartmağa çalışacaqlar. Yəni, bundan sonra da imitasiya davam etdiriləcək. Bu hakimiyyət xalqa verdiyi heç bir sözün məsuliyyətini öz çiynində daşımır, asanlıqla vətəndaşı aldada bilirlər. Çünki, vətəndaşdan kütləvi etirazı, bu qədər anti-milliliyə qarşı üsyanı görmürlər. Bu susqunluq davam etdikcə, köhnə ənənələr da davam edəcək. Ölkə başçısı qiymət artıranları hədələyəcək, qiymətlər isə artmağa davam edəcək.
Samir