«Əksinə Rusiya bölgədə sülh və təhlükəsizliyin əsas təhdidçisidir»
Gültəkin Hacıbəyli: «Baş nazirin müavininin Rusiyanı Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısı adlandırması utancvericidir»
Bir neçə gün əvvəl Bakıda Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası zamanı baş nazirin müavini Yaqub Eyyubovun söylədiyi fikirlər birmənalı dəyərləndirilmir. İclasa Rusiya tərəfdən baş nazirin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozin iştirak edirdi.
Y.Eyyubov iclasda çıxışı zamanı deyib ki, Rusiya regionda təhlükəsizliyin qarantıdır. “Azərbaycanla Rusiyanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya təkcə bizim iqtisadi tərəfdaşımız deyil, eyni zamanda regionda təhlükəsizliyin qarantıdır. Rusiya çalışır ki, hər yerdə sülh olsun, ölkələrin daxili işlərinə qarışan olmasın”.
Xatırladaq ki, Y.Eyubov Rusiyanın “Dostluq” ordenini kavaleridir, bu ordenlə onu Putin təltif edib.
Maraqlıdır ki, Rusiyanın Ermənistana «İsgəndər» raketlərini verməsi birmənalı qarşılanmamışdı və parlamentdə bir sıra deputatlar Moskvanın bu addımı ilə bağlı hesabat verməsini tələb etmişdilər.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Y.Eyyubovun açıqlamasını yalnız böyük təəssüf hissi ilə qarşılamaq olar. Çünki Rusiya nəinki Cənubi Qafqazda, ümumiyyətlə regionda təhlükəsizliyin qarantı deyil. Əksinə Rusiya bölgədə sülh və təhlükəsizliyin əsas təhdidçisidir: «Siyasətlə heç bir əlaqəsi olmayan Azərbaycan vətəndaşları üçün sirr deyil ki, Ermənistan Azərbaycan ərazilərini məhz Rusiyanın köməyi ilə işğal edib. Rusiyanın iştirakı olmasaydı, Ermənistan Dağlıq Qarabağın bir kəndini belə işğal edə bilməzdi. Aprel döyüşləri zamanı Azərbaycan ordusu qısa müddət ərzində xeyli irəlilədi, Ağdərəni boşaltdı, Xankəndinə kifayət qədər yaxınlaşdı. Artıq bu döyüşlərdən sonra Xankəndinin özü üçün kifayət qədər təhdid yarandı. Amma bunlardan sonra Rusiya proseslərə müdaxilə etdi və Azərbaycan hakimiyyəti Rusiyanın təzyiqi ilə ordumuzun, qəhrəman əsgər və zabitlərimizin canı və qanı bahasına azad etdiyi ərazilərdən geri çəkildi. Rusiya tarixinin bütün mərhələlərində eyni rolu oynayıb. On minlərlə ermənini İran və Türkiyədən Cənubi Qafqaza köçürüb, Dağlıq Qarabağ və Qərbi Azərbaycanda yerləşdirəndə də, qədim Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradanda da, ötən əsrin əvvəllərində Dağlıq Qarabağ vilayətində diversiya törədəndə də eyni siyasəti yürüdüb. Rusiya nəinki Cənubi, Kreml Şimali Qafqazda belə, Çeçenistanda və Rusiyanın digər ərazilərində sülh və təhlükəsizliyin qarantı olmayıb. Bütün bunların fonunda Azərbaycan siyasi rəhbərliyinin ən üst qatına aid olan insanların, baş nazirin müavininin Rusiyanı Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısı adlandırması çox utancverici haldır. Bu Azərbaycan rəhbərliyində «5-ci kalonun» ən ciddi şəkildə təşkilatlanmış olduğunun əyani sübutudur».
G.Hacıbəylinin sözlərinə görə, Azərbaycan siyasi rəhbərliyi zaman-zaman elə addımlar atır ki, kənar müşahidəçilərdə Azərbaycanın Rusiyadan asılı dövlət olduğu təəssüratı yaranır. «Bu cür bəyanatlar Azərbaycanın Rusiyadan asılı dövlət olduğu fikrini yaradır. Bu Azərbaycan rəhbərliyində geniş bir şəkildə təmsil olunan «5-ci kalonun»un vaxtaşırı olaraq Rusiyaya sədaqət mesajıdır. Yəni Qərbə doğru ən kiçik addım atılarkən, Azərbaycan siyasi rəhbərliyi Rusiyaya doğru daha böyük addım atmağın ehtiyacını duyur. İstənilən halda bu tipli bəyanatlar Azərbaycanın müstəqil dövlət siyasətinə yaraşmır. Bu eyni zamanda Qarabağda şəhid olan qəhrəman övladlarımızın ruhuna hörəmətsizlikdir».
Xəyal