2013-cü ilin avqust ayının sonları idi. Gözəl yay səhərinə oyanmışdıq. Həmin günü əvəzsiz və özəl günlərdən biri kimi xatırlayıram. Çünki səfərə çıxacaqdıq, səfərimiz isə Güney Azərbaycana idi…
İlk dəfə ölkə xaricinə çıxmağın isə qəribə maraq və həyəcanı vardı. Səhər saatlarında Bakıdan Təbrizə sarı yol aldıq. Uzun sürən yolçuluq, yorğunluq, yayın istisi və başqa səbəblərdən bu səfərim sonrakılara nisbətən yaddaqalan olmadı.
İkinci yol gedəndə artıq oktyabr ayı idi. Bu səfəri başqalarıyla müqayisədə daha çox sevmişdim. Həmişəki kimi yolçuluğumuz Təbrizəydi. Həmin gün elə gözəl idi ki, çıxan böyük günəş sanki bizim gəlişimizə sevinmişdi. Uzun və rahat yolların, rəngarəng dağların və coşub-çağlayan çayların əhatəsində yol getmək – sözlərlə təsviri mümkünsüz, necə də gözəl idi…
Səfərim həm də hazırlıq vaxtına təsadüf etmişdi. Tarix fənnini uşaqlıqdan çox sevdiyimə və daha çox Azərbaycan tarixini oxuduğuma görə özümü sanki həmin dövrlərdə hiss edirdim. Ən çox da “Tarix”də dövlət qurulduqdan sonra, “Dövlətin paytaxtı Təbriz oldu” deyə yazılması, belə desəm, mənə ləzzət edirdi. Düşünürdüm ki, necə gözəl torpaqlardır oralar… Vətən qoxan daşında, torpağındakı doğmalıq, nisgil, sanki nə vaxtsa burda olmuşam, yaşamışammış kimi hislər yaradırdı. Təbrizdən xeyli kənarda, ali təhsil ocaqlarının sırayla düzülüşünü heç unutmuram…
Şəhərə çatanda artıq şər qarışmışdı. Bizi təbrizli tanışımız qarşılayıb, gedəcəyimiz ünvana apardı və üç gün müddətində çox böyük sayğıyla qulluğumuzda durdu. Bir görəsiniz, bizi necə sevirlər. Quzey Azərbaycandan gələnlərə “Bakılılar” deyirlər. Yəqin ki, fikirlərini belə daha yaxşı ifadə edə bilirlər. Bizə olan sevgi, hörmət və diqqəti hər addımda, hər davranışda göstərirlər. Həkim növbəsində belə öz yerlərini bizə verməkdən çəkinmirlər. Gücləri çatan qədər kömək etmək istəyirlər. Bir neçə dəfə sürücülərə yol pulunu verməkdə çətinlik çəkdiyimiz də yadımdadır. Vətən həsrətli olduqlarından ürəkləri də kövrəkdir onların… Anadan ayrı düşmüş uşaq kimi…
Geri dönəndə yolüstü dədə-baba torpaqlarımıza, kəndimizə – Ərdəbilin Meşkin mahalının Allı kəndinə baş çəkdik. Kəndə gedən yol meşəlik kimi ərazidən keçir. Girişində şəlalə var idi. Həmin şəlalənin qarşısından məktəblilərin ötdüyünü xatırlayıram. Vaxt azlığından kəndi yalnız bir dəfə dolana bildik. Kəndimiz sanki rayondur. Geniş olmasıyla yanaşı, həm də çoxsaylı tikililəriylə böyük yaşayış məntəqəsini xatırladır. Vaxt olsaydı, daha çox gəzə, çox şey öyrənə bilərdik, lakin tez qayıtmalı olduğumuzdan gördüklərimizlə yetərləndik.
Soyumuzun Ərdəbildən olmasına baxmayaraq, Təbrizə daha çox bağlıyam. Ən böyük arzularımdandır Təbrizdə evimin olması. İnanıram ki, bu arzumu həyata keçirəcəm. Məndəki Təbriz sevgisi hər şeyə qalib gələcək! Təbii ki, bu arzu Azərbaycanın bütöv, paytaxtının isə Təbriz olmasından sonra gəlir! Bizim və soydaşlarımızın sevgisinin gücü nə vaxtsa birləşəcəyimiz günü gətirəcək. Buna inaniram, özü də çox inanıram!