Xəzərdə baş verən 15 dekabr faciəsi ilə bağlı Milli Şura bəyanat yayıb. Bəyanatda deyilir:
“Düz bir il on gün öncə- 5 dekabr 2015-ci il tarixində Xəzər dənizində yerləşən Günəşli yatağının 10-cu platformasında 30 nəfər neftçinin həyatına son qoyan, 30-dan çox vətəndaşımızın xəsarət alması ilə nəticələnən dəhşətli yanğın baş vermişdi. Milli Şura bu böyük faciə ilə bağlı Bəyanatında onu təbiət hadisəsindən daha çox məmur özbaşınalığı, korrupsiya, əlaqədar orqanların və şəxslərin cinayətkarcasına səhlənkarlığı, səriştəsizliyi və məsuliyyətsizliyinin ağır fəsadı olduğunu vurğulamışdı. Belə ki, faciə baş verəndən sonra məlum olmuşdu ki, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən idarə olunan dərin özüllərdə iş şəraiti xarici şirkətlər tərədindən çalışdırılan platformalarla müqayisəedilməz dərəcədə ağır və təhlükəlidir. ADNŞ-in tabeliyində olan platformalarda elementar təhlükəsizlik tələblərinə riayət olunmur, neftçilər lazımi keyfiyyətədə və miqdarda hidravlik kostyumlar və xilasedici jiletlərlə təmin edilməyib, xilasetmə qayıqları (şlupkalar) müasir tələblərdən və təhlükəsizlik standartlarından çox geri qalır, platformalar yenə də təhlükəsizlik tələblərinə zidd olaraq onilliklər boyu təmir edilməyib və istismara yaralı vəziyyətədə deyil. 5 dekabr faciəsinin əsas səbəbləri sırasında neft şirkəti rəhbərliyinin metereoloji xidmətin əlverişsiz hava şəraiti haqqında xəbərdarlığına səhlənkar yanaşması, xarici şirkətlər tərəfindən idarə olunan platformalardan fərqli olaraq əlverişsiz hava şəraitində öz işçilərini açıq dənizdə təhlükəli işlərə məcbur etməsi də var idi.
Demokratik Qüvvələrin Milli Şurası olaraq böyük hüznlə bildiririk ki, məhz eyni səbəblər və ADNŞ rəhbərliyi tərəfindən onların aradan qaldırılmaması nəticəsində Azərbaycan Dövlət Neft Şirkətinə aid estakadanın aşması bir il sonra – 15 dekabr 2016-cı il tarixində növbəti insan faciəsinin yaşanmasına gətirib çıxarmışdır. 1970-ci illərdə quraşdırılmış, istismar müddəti 20-25 il təşkil edən, yəni, 1995-ci ildə bitmiş, o zamandan bəri əsaslı təmir edilməmiş estakadanın aşması, əvvəlcədən xəbərdar olmalarına baxmayaraq əlverişsiz, küləkli hava şəraitində işçilərin evə buraxılmayaraq işdə saxlanılması, zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi və əməkdaşların zəruri təhlükəsizlik vasitələrilə təmin edilməməsi nəticəsində 10 neftçi dənizdə bataraq həlak olmuşdur.
Əgər Günəşli yanğını ilk növbədə hadisənin əsas səbəbkarı olan ADNŞ-nin, eləcə də xilasetmə tədbirlərini vaxtında və keyfiyyətlə həyata keçirə bilməyən Fövqəladə Hallar Nazirliyinin korrupsiya cinayətlərinin, səriştəsizliyinin, bacarıqsızlığının, cinayətkarcasına məsuliyyətsizliyinin ağır fəsadları kimi qiymətləndirilirdisə, 15 dekabr faciəsinin məsuliyyəti ilk öncə və birbaşa Azərbaycan siyasi rəhbərliyinin üzərindədir! Əgər bir il ərzində 30 insan ölümü ilə nəticələnən faciənin səbəbləri araşdırılaraq aradan qaldırılmayıbsa, bu hadisənin baş verməsinə görə ADNŞ rəhbərliyi, qarşısının alınmamasına görə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi məsuliyyətə cəlb edilməyibsə, ümumiyyətlə, 30 nəfər insanın ölümü, 32 nəfərin isə orta və ağır dərəcəli bədən xəsarətləri alması faktına adekvat hüquqi qiymət verilməyibsə, ADNŞ-ə aid qurğularda təhlükəsizlik təbdirlərinin görülməsi, neftçilərin iş şəraiti ilə bağlı beynəlxalq təhlükəsizlik standartlarına riayət olunması istiqamətində heç bir əməli addım atılmayıbsa bu, artıq 15 dekabr faciəsinin bilavasitə Azərbaycan siyasi rəhbərliyinin korrupsiyasının, səriştəsizliyinin, bacarıqsızlığının, cinayətkarcasına səhlənkarlığının nəticəsi olduğunun əyani sübutudur.
Bu faciələr həm də ona görə xalqımızın haqlı hiddətinə və qəzəbinə səbəb olur ki, onlar ADNŞ-nin böyükmiqyaslı və gözləgörünən korrupsiya cinayətlərinin fonunda baş verir. Azərbaycan xalqının və dövlətinin ən qiymətli yeraltı sərvətini istehsal edən və satan Dövlət Neft Şirkətinin bunun qarşılığında dövlət büdcəsinə bir manat vəsait ödəmədiyi halda dövlət zəmanəti ilə 8,1 milyar dollar həcmində xarici borca sahiblənməsi dünyada analoqu olmayan bir nonsesdir. Bu, ona görə baş verir ki, ADNŞ hətta istehsal etdiyi nefti belə özü satmayaraq Azərbaycanın hakim ailəsinə və SOCAR rəhbərliyinə milyardlar qazandırmaq məqsədilə mürəkkəb və çoxkombinasiyalı korrupsiya mexanizmlərindən istifadə edir. 8 miyard dollar xarici borcu olan və ziyanla işləyən, istehsal həcmi sürətlə kiçilən bir dövlət şirkətinin neft qiymətlərinin bir neçə dəfə azalması fonunda şəhərin ən gözəl yerində memarlıq abidəsi sayılan bir ofisi olduğu halda bəzi təsdiqlənməmiş məlumatlara görə dəyəri 1,5 milyard manat olan yeni ofis binası inşa etməsi azğın korrupsiya faktından başqa bir şey ola bilməz. Açıq dənizdə hər gün ölüm təhlükəsi ilə üz-üzə qalaraq ölkə rəhbərliyinə və ona milyardlar qazandıran və bunun qarşılığında cüzi əməkhaqqı alan əliqabarlı neftliçin təhlükəsizliyi təmin etmək üçün heç bir vəsait xərcləməyi özünə rəva bilməyən SOCAR rəhbərliyi Avropanın ayrı-ayrı futbol klublarına və çempionatlara on milyonlarla vəsait xərcləməyə tərəddüd etməyiblər. Öz işçilərin həyatları üzərindən qənaət edən, öz neftçilərini hidravlik kostyumlar və təhlükəsizlik jiletləti, ehtiyat xilasetmə qayıqları ilə təmin etməyən SOCAR Gürcüstandakı erməni kilsələrinə münasibətdə çox səxavətli davranaraq onlarla erməni kilsəsini pulsuz qazla təmin edir. Hər şeydən aydın olduğu kimi, bu saxta tolerantlıq və mulitikulaturalizm göstərisi əslində SOCAR-ın və onun vasitəsilə Azərbaycan rəhbərliyinin həcmi on milyard dollarlarla ölçülən neft korrupsiyasının beynəlxalq miqyasda ifşasının üstünü kölgələməyə xidmət edir.
Milli Şura olaraq Azərbaycan siyasi hakimiyyətindən Azərbaycan xalqının həyatı və təhlükəsizliyi və gələcəyi üzərinə uzun illərdir davam etdiyi bu anti-milli talan və soyğunçuluq siyasətinə son qoymağı, korrupsiya girdabında boğulan, Azərbaycan xalqının milyardlarına özü sahibləndiyi halda 8 milyard dollar həcmində borcunun hesabını dövlət zəmanəti ilə Azərbaycan xalqına kəsdirən, 5 dekabr və 15 dekabr faciələrin baş verməsinə şərait yaradan SOCAR rəhbətliyinin cinayət məsuliyyətinə cəlb edilməsi, bu faciələrinin bir daha təkrarlanmaması üçün həmin şirkətdə çalışan neftçilərin əmək və təhlükəsizlik şəraitinin yaxşılaşdırılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər görməyi tələb edirik”!