Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və onlarla birlikdə Nardaran əməliyyatına görə mühakimə olunan daha 16 nəfərin müdafiəçiləri Vəkillər Kollegiyasına müraciət ediblər. Buna səbəb Nardaran işi üzrə təqsirləndirilən şəxslər onlardan imtina etdikləri halda, həmin adamların məhkəməsində iştiraka məcbur edilmələridir.
Hakimlər heyəti fikrini dəyişməyib
Nardaran dustaqlarının öz məhkəmələrinə qatılmasına icazə verilmədiyindən, onlar vəkillərindən imtina edərək, onların da məhkəmədə iştirakını istəmirlər. Amma Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxslərin yazılı etirazını qəbul etməyib və vəkillərdən də məhkəməyə qatılmaq tələb olunub.
Vəkillər hakimlərin nəzərinə çatdırıb ki, qanuna görə, yetkin yaşlı, psixi problemi olmayan şəxs heç bir səbəb göstərmədən də müdafiəçisindən imtina edə bilər. Məhkəmənin bunu qəbul etməməyə ixtiyarı yoxdur. Əksinə, şəxsin imtina etdiyi vəkili onun müdafiəsinə məcbur etmək kobud qanun pozuntusu, eyni zamanda, vəkillərin özlərinə sayqısızlıqdır.
Vəkillərin etirazına baxmayaraq, hakimlər heyəti fikrini dəyişməyib.
Danışıqların məzmununu açıqlamadılar
Məhkəmədə iştiraka məcbur edilən vəkillər dekabrın 16-da baş verənlərlə əlaqədar Vəkillər Kollegiyasına gediblər. AzadlıqRadiosunun məlumatına görə, onlar sədr Azər Tağıyevlə, sədrin müavini Fərhad Nəcəfovla görüşsələr də, Vəkillər Kollegiyasının rəhbərliyi öz üzvlərinin müdafiəsindən boyun qaçırıb və bildirib ki, məhkəmədə iştirak etməsələr və bununla əlaqədar şikayət daxil olsa, Vəkillər Kollegiyasından uzaqlaşdırıla bilərlər.
Azadlıq Radiosunun müxbiri məsələni dəqiqləşdirmək üçünvəkillərdən Nemət Kərimli və Yalçın İmanovla əlaqə saxlayıb. Onlar Vəkillər Kollegiyasına getdiklərini təsdiqləsələr də, oradakı danışıqların məzmununu açıqlamaq istəməyiblər.