“Azadlıq”ın köşə yazarı Elnur Astanbəylinin yenicə qələmə aldığı bir şeiri diqqətinizə çatdırırıq:
Respublika
ey siz ordakılar!
açın qulaqlarınızı
və
yaxşı-yaxşı eşidin bizi!
başımız üstündə mavi göy yıxılmayınca
yıxılmayınca göyün
günəşi ayı ulduzu
ayağımız altından qara yer qaçmayınca
qaçmayınca yerin
meşəsi dağı dənizi
bu Respublika bizim –
canımızı almadıqca
necə alacaqsınız onu?
ey siz ordakılar!
bilirik ürəyinizdən keçənləri –
arzunuz krallıq
sevdanız monarxiya
və
ağlınızın bir ucunda
keçmişə dönmək xəyalı
orta çağlara! –
bilirik
amma
keşkə siz də bilsəniz
zaman çay kimidir – geriyə axmaz
və Tarix amansızdır
silib süpürər dünənlə yaşayanları
dünəni bu günə daşıyanları –
kimsənin gözünün yaşına baxmaz;
zaman çay kimidir – geriyə axmaz!
sən də,
və
sən də ey şanlı Respublikam
dinlə bizi,
duy səsimizi!
bu gün burda –
аydınlığa hamilə
qaranlıqlar içində
mutluluğa hamilə
viranlıqlar içində
söz veririk sənə –
uğruna verəcəyik son nəfəsimizi!
nə qolumuzdakı qandallar
nə yolumuzdakı qanqallar
qorxutmaz bizi, qorxutmaz
ey şanlı Respublikam!
söz veririk!
17 may, 2012