Dualarımız itkin düşən neftçilərimizlədir. Allah həlak olanlara rəhmət eləsin, itkin düşənlərə kömək olsun, ailələrinə səbr versin. Daha nə qədər neftçi həlak olmalıdır, SOCAR rəhbərliyi anlasın ki, öz platformalarını vaxtında təmir edə bilməyən, estakadasını standartlara uyğun möhkəmləndirməyi bacarmayan, işçiləri üçün təhlükəsiz iş şəraiti yarada bilməyən, həlak olan neftçilərinin ailələrini diqqətdə saxlamayan bir şirkətin Avropa futbol klublarına, beynəlxalq yarışlara, neft maqnatlarına ziyafətlərə pul xərcləməyə haqqı yoxdur!
İnsan həyatına bu qədər biganəliyi necə edə bilirlər? Neftçiləri 1994-cü ildə – 22 il bundan qabaq istifadə müddəti başa çatmış estakadada işlədirmişlər. Təsəvvür etmək belə çətindir. Bilə-bilə ki, neftçilər istifadə müddəti çoxdan keçmiş qəzalı platforma və estakadalarda işləyir, həmin insanların əlinin qabarı ilə əldə olunan pulları necə Avropa Futbol Çempionatına, Beynəlxalq Cüdo Federasiyasına, şahmat yarışlarına, ayrı-ayrı futbol klublarına və daha nə qədər mənasız işlərə, korrupsiya layihələrinə xərcləmək olar? Niyə hər şeyin qiymətinin qalxdığı bu ölkədə insan həyatı bu qədər dəyərsizdir? Bəlkə ona görə ki, biz özümüz həyatımıza dəyər verilməməsilə barışmışıq?
30 nəfər neftçinin həyatına son qoymuş “Günəşli” yatağının 10-cu platformasındakı o dəhşətli yanğından cəmi bir il keçib. O zaman neft çıxarılan platformanın istifadə müddəti başa çatmış və qəzalı olması, xilasetmə işlərinin yarıtmazlığı, neftçilərin “hidrokostyum” və xilasedici jiletlərlə təmin edilməməsi ciddi ictimai etiraz doğurmuşdu. Aradan bir il keçib. SOCAR rəhbərliyi niyə hələ də neftçiləri istifadə müddəti çoxdan keçmiş estakadada işlədirmiş? Niyə yenə də vaxtında təhlükəsizlik tədbirləri görülməyib? Hava şəraitinin pisləşəcəyi sürpriz deyildi axı, əvvəlcədən bilinirdi. Bu dəfə necə, suya düşmüş neftçilərin “hidrokostyum” və xilasedici jiletləri olubmu?