Mehman Əliyev: ” Rusiya Azərbaycanın İsrail ilə silah sahəsindəki əməkdaşlığından narahatdır”
Bu gün Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana işgüzar səfər edib.
Roqozin iki ölkə hökumətlərarası komissiyasının dekabrın 16-da Bakıda keçiriləcək iclasında iştirak edəcək və prezident İlham Əliyevlə görüşəcək.
Rusiya müdafiə sənayesi müəssisələrindən birinin top-meneceri bildirib ki, Bakda ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, silah ixracı məsələsi də müzakirə olunacaq. Bu məqsədlə Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Andrey Boytsov da nümayəndə heyətinə daxil edilib. “Kommersant”ın mənbələri deyib ki, Rusiya nümayəndə heyətinin əsas vəzifələrindən biri Ermənistana “İsgəndər” operativ-taktiki raket kompleksinin verilməsi ilə bağlı Rusiyanın mövqeyini izah etməkdir: “Azərbaycanlı tərəfdaşlar Dağlıq Qarabağ problemi kontekstində hadisələrin bu cür inkişafına çox neqativ reaksiya veriblər”.
Xatırladaq ki, bu ilin payızında Rusiya Ermənistana “İsgəndər” OTRK-nın bir divizionunu göndərib. Bu fakt rəsmi şəkildə elan olunmasa da, sentyabrda Ermənistanın müstəqilliyinin 25 illiyi ilə əlaqədar İrəvanda keçirilən paradda bu silah sistemi nümayiş etdirilib.
Maraqlıdır ki, bu səfər İsrailin baş nazirinin Bakı səfərindən dərhal sonraya təsadüf edir. Ekspertlərin fikrincə, Roqozinin Bakı səfəri Rusiyanın Azərbaycanın timsalında silah alıcısını itirmək istəməməsi məqsədi daşıyır.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, Roqozinin səfərinin silah alqı-satqısıyla əlaqəsi var. Çünki Netanyahunun səfərinin də məqsədlərindən biri silah satışı idi: “İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycan İsrail ilə silah alqı-satqısında əməkdaşlıq edir. Azərbaycan İsraildən yeni tipli silahlar almaq niyyətindədir. Rusiyanın Ermənistana “İsgəndər” raketlərini verməsi müəyyən qalmaqal yaratmışdı. Ona görə İsrail baş nazirinin səfəri Rusiyanı hərəkətə gətirib. Rusiya Azərbaycanın İsrail ilə silah sahəsindəki əməkdaşlığından narahatdır”.
Xəyal