Bəziləri elə bilir ki, başqa ölkələrdə yel əsib, qoz tökülüb. Deyir, çıxıb gedəcəm xaricə. İndi gedənləri bilmərəm, köhnə vaxtı biri gedibmiş. Gileyli imiş, deyirmiş belə də ölkə olar? Əjdaha suyun qabağını kəsib, yeddi də başı var, kəsirsən, yerindən təzəsi çıxır… Gedir. Ayağını təzə ölkəyə basanda istəyir ki, əvvəl məscidə getsin. Bu vaxt azan səslənir: «Bu şəhər əhlinin fikrincə, Allahdan başqa Tanrı yoxdur, bu şəhər əhlinin fikrincə, Məhəmməd onun elçisidir». Belə də azan olar? Soruşub imamı tapır. İçəri girəndə görür ki, imam oturub: qənşərinə Quran, yanında da şərab. And içir ki, bu Quran haqqı şəraba su qatılmayıb. Dəxi buna nə desin? Gedir qazını tapır. Qazı bir zərgəri mühakimə edirmiş. Şəriətlə onun iki gözü çıxarılmalıymış. Qazının tapşırığı ilə bazardan bir hambal gətirir, zərgərin və hambalın hərəsinin bir gözünü çıxarırlar. Axırda kişi gedib çıxır baş qazının yanına. Əhvalatı danışır. Baş qazı deyir. «Bizə ucuz qiymətə azan deyən lazım idi. Bu kişini tapdıq. Amma yəhudi olduğu üçün kəlmeyi-şəhadəti deyə bilməz. Desə, avtomatik müsəlman olur. Ona görə belə azan verir». Kişi deyir: İmama şikayət eləmək istədim. O da Qurana and içib deyirdi ki, bu şərab təmizdi. Baş qazı deyir: «O, düz deyir, şərab təmizdi, amma inanan olmurdu. Qurana and içəndən bəri, göz dəyməsin, yaxşı satılır. O ki qaldı, qazının məhkəməsinə, əgər zərgərin iki gözü də çıxarılsa, işləyə bilməzdi. Ona görə hambalın da bir gözünü çıxartdırıb. İki göz hambalın nəyinə lazımdı? Kişi naəlac qayıdır geri, öz torpağına və deyir: «Elə bilirdim ən pisi sənsən, bağışla məni, Vətən, səndən də betəri varmış!»
Həri. Hazırda hökumətimiz pul tapmaq üçün vurnuxur, özünü oda-közə vurur. Belə bir vaxtda ölkəni tərk etmək yox, kömək etmək lazımdır. Mənim konkret təklifilərim var.
I təklif: Məhkəmələr publik hüquqi şəxsə çevrilsin.
Onların fəaliyyətinin səmərəliliyini artırmaq üçün Cinayət Məcəlləsində cəzanın alt həddi ilə üst həddi arasında interval genişləndirilsin. Məsələn, bədənə yüngül xəsarət yetirməyə görə 1 ildən 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulsun. Bunun bir ili cəzanın baza hissəsi hesab edilsin. Yəni məhkəmədə cinayət sübut edilərsə, hakim təqsirləndirilən şəxsə 1 il azadlıqdan məhrumetmə cəzası verir. Bundan sonra hərrac başlanılır. Əvvəlcə söz zərərçəkənin yaxınlarına verilir.
Zərəçəkənin qardaşı, tutalım, 1000 dollar verir. Bu zaman cəza bir il də artırılır. Sonra zərərçəkənin atası 2 000 min dollar verir və cəza 4 ilə çatır. Sonra zərəçəkənin Urusetdə işləyən yeznəsi 10 min verib müttəhimə 14 il cəza verilməsinə nail olur. Bundan sonra heç kim dillənməsə, 14 il cəza elan edilib, müttəhimin qohumlarına söz verilir. Əgər onlar əlini cibinə salmasa, müttəhim gedib 14 il yatır. 10 min versələr, 4 il yatır, yox, əgər 20 min versələr, onda zərərçəkən gedib 6 il yatır.
P.S. Hər iki tərəfin ödədiyi pullar geri qaytarılmır və dövlət büdcəsində “digər gəlirlər” bölməsinə yatırılır…
II təklif. Nazirlər, Dövlət Komitəsi, Dövlət Xidməti, Dövlət Agentliklərinin rəhbərləri publik fiziki şəxsə çevrilsin.
Məlumdur ki, bu kateqoriyadan olan vəzifəli şəxslər vaxtaşırı rayonlara gedir, əhali ilə görüşür, şikayətləri dinləyir. Adətən, bu vaxt yerli rəhbərlik şikayət az olsun deyə vətəndaşlara hədə-qorxu gəlir, onları görüşə buraxmır. Halbuki əngəl olmasa, hər görüşə minlərlə adam gələr. Ona görə qəbullara əngəllər aradan qaldırılmalı, onlar təsərrüfat hesablı edilməlidir. Yəni məsəlçün, qəbulun hər dəqiqəsi üçün vətəndaş 10 manat ödəməlidir. Bu vəsaitlərin bir hissəsi qəbul edən şəxsə, bir hissəsi haqqında şikayət edilən məmura, bir hissəsi isə dövlət büdcəsinə yönəldilməlidir. Vətəndaşlar toyuğunu satmaq hesabına olsa belə, qəbula gələcək, ürəyini boşaldıb məmurların cibini və dövlətin büdcəsini dolduracaq.
Təklif olunur ki, haqqında daha çox şikayət edilən məmurlara medal-filan da verilsin.
Xırda-para təkliflər də var. O gün qəbul imtahanlarının pullu olacağı barədə xəbəri eşidən kimi tanışları muştuluqladım. O qədər sevindilər: “Ay Allah. Nə gözəl, səni xoşxəbər olasan, çoxdankı arzumuz idi”. Təbii ki, muştuluq da aldım. Məsələn, elə muştuluqdan vergi tutmaq olmaz? Bu təklif kommunal xidmətlərin tarifləri diferensiallaşdırılandan əvvəl olsaydı, əməlli-başlı muştuluq vergisi yığmaq olardı. Yaxşı yadımdadı, o xoş xəbər yayılanda insanlar necə sevinir, bir-birini təbrik edirdi:
-Diferensiallaşdırılma bayramınız mübarək!
-Sizinlə bahəm… Hökumət sizdən razı olsun!
.