ABŞ-ın yeni prezidenti Donald Trampın keçid administrasiyası Rusiyanın son seçkilərə müdaxiləsi ilə bağlı ittihamlara münasibət bildirib.
«Associated Press»in məlumatına görə, administrasiya Trampın qələbəsini təmin etmək üçün Rusiyanın seçkilərə müdaxilə etdiyinə dair xəbərləri yalanlayıb.
«Mərkəzi Kəşfiyyat İdarəsi bir vaxtlar onu da iddia edirdi ki, İraq prezidenti Səddam Hüseynin kütləvi qırğın silahı var. Seçkilər çoxdan başa çatıb. İndi irəli getmək və Amerikanı yenidən qüdrətli etmək vaxtıdır», deyə administrasiyadan verilən açıqlamada bildirilir.
Qeyd edək ki, «The Washington Post» qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin gizli hesabatına istinadən yazıb ki, Rusiya ABŞ-dakı son prezident seçkilərinə müdaxilə edərək Donald Trampın qələbə qazanmasına köməklik göstərib.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqa girərkən Vaşinqton Səddam Hüseynin kimyəvi silaha sahib olduğunu bəyan etmişdi. Sonradan bunu təsdiq edən sübutlar tapılmadı və tənqidçilər bildirdilər ki, ABŞ hökuməti bu yalanı hücumlara başlamaq üçün ortaya atıb.
Gültəkin