ABŞ dövlət katibi postuna əsas namizədlərdən olan Rudolf Culiani Trampın yeni komandasında təmsil olunmaq istəmir.
CNN-in məlumatına görə, Nyu-Yorkun keçmiş meri Culiani Trampın təklifindən imtina edib.
Bununla belə, Tramp ona bugünə qədərki xidmətlərinə görə təşəkkür edib:
“Culiani fitri istedada malik vətənpərvər amerikalıdır. Bizim seçki kampaniyasında fasilə vermədən göstərdiyi köməyə və müdrik məsləhətlərə görə ona hər zaman minnətdar olacam».
Son günlərə qədər Qərbin aparıcı nəşrləri Culianini məlum posta ən şanslı namizəd kimi göstərirdilər.
Politico» isə yazırdı ki, Trampın seçimi bəzi dairələrdə təşviş yaradıb. Belə ki, daxili siyasətdə təcrübəsiz olan Culiani sərt, kompromisə getməyən və radikal islama qarşı barışmaz biri kimi tanınır.
2001-ci ildə Nyu-Yurk terror hücumuna məruz qalanda həmin vaxt şəhər meri olan Culiani səudiyyəli şahzadələrdən birinin terror qurbanlarına ayırdığı 10 milyon dollarlıq yardımdan imtina etmişdi.
«The Wall Street Journal»a müsahibəsində Culiani bildirmişdi ki, Tramp administrasiyasının beynəlxalq siyasətdəki birinci hədəfi İŞİD-ə qarşı mübarizədir.
«Vaşinqton Pekinlə siyasi məsələləri kənara qoyub ticarət sahəsində işləyəcək. Rusiya düşünür ki, hərbi sahədə rəqibimizdir. Bu belə deyil. Rusiyanı bizim Obama dövründəki hazırlıqsızlığımız belə güclü etdi», deyə Culiani qeyd etmişdi.
Gültəkin