Yadınızdadırsa, bu il aprelin 29-da ölkə başçısı İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edərkən əhalinin sağlamlıq faizi ilə bağlı ölkənin təəccübünə səbəb olan bir rəqəm səsləndirdi. Dedi ki, onun göstərişi ilə neçə ildir ölkə üzrə dispanserləşdirmə aparılır və bu il 5 milyona yaxın insan müayinədən keçib, aldığı məlumata görə, onların 91 faizi tam sağlamdır.
Təbii ki, hələ o zaman bu açıqlama cəmiyyətdə birmənalı qarşılanmadı. Bu gün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin açıqladığı statistikaya görə, 1 iyun 2015-ci il – 30 noyabr 2016-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunub. Müayinədən keçən 9892 nəfərdə talassemiya daşıyıcılığı, 828 nəfərdə sifilis, 147 nəfərdə isə QİÇS aşkar olunub.
Bir az da əvvələ qatıdıb, 2014-cü ilin statistikasına baxsaq, görərik ki, ölkədə hələ o zaman üçün 40 mindən artıq ankoloji xəstə olub. Yəni ölkə başçısı “Azərbaycanda insanların 91 faizi sağlamdır” fikrini söyləyəndə təkcə öncəki illərin statistikasına baxsaydı bilərdi ki, bu açıqlama həqiqəti əks etdirmir.
Son məlumatlara görə isə Azərbaycanda 200 minə yaxın şəkərli diabet, 12000-ə yaxın vərəm xəstəsi var.
Hər sahədə olduğu kimi bu sahədə də şişirdilmiş rəqəmlər tez bir zamanda ifşa olundu. Çünki kökündə reallıqlar dayanmır. Heç statistik rəqəmlər olmasa belə bu açıqlamaları ifşa edəcək kifayət qədər real hadisələr var. Apteklərdə o qədər növbə olur ki, bəzi hallarda heç marketlərdə bu növbələrə rast gəlmək olmur. İnsanlar kefindənmi apteklərdə növbəyə dayanır ki, nədir-nədir tərkibi dəyişdirilən, qiyməti də od bahasına olan dərmanları alsın? Ölkə əhalisinin müalicə üçün xarici ölkələrə, xüsusilə, İran, Gürcüstan, Türkiyə və Rusiyaya üz tutan qismini də nəzərə alsaq, ölkədə xəstəlik faizinin necə tavana vurduğunu təsəvvür edə bilərik. Yeri gəlmişkən, bu sonuncu göstərici həm də Azərbaycan səhiyyəsinin yararsızlığı və bahalığını ifadə edir.
Yəqin ki, bir neçə il öncə türkiyəli həkimin ölkəmizdən gedəndən sonra açıqladığı məlumatları xatırlayırsınız. Pula görə yüngül xəstəliyi olan insanları çox rahatlıqla cərrahiyyə masına uzatdıqları faktları hələ o zaman gündəmin əsas mövzusuna çevrilmişdi. Uzağa getməyək, bu yaxınlarda xəstənin yaralı ayağını qoyub, sağlam ayağını kəsmədilərmi? Son 25 ildə 65 min körpənin öldüyü ölkədə niyə kimsə canını bu səhiyyə sisteminə tapşırmalıdır?
Gərək ki, xəstəlik faizinin bu qədər çox olması heç birimizi təəccübləndirməsin. Çünki bir ölkəyə gətirilən ərzaq mallarının göstəricisi normal standartlara cavab vermirsə, orada hansı sağlamlıqdan danışmaq olar?..
Aqil Məhərrəmov