İqtisadçı-ekspert Rövşən Ağayev borc öhdəliklərini ödəmək üçün qarşıdakı illərdə hökumətin böyük həcmdə vəsaitə ehtiyacı olacağını bildirib. Bu ehtiyacların necə qarşılanacağı isə böyük suallar doğurur. Bu barədə Rövşən Ağayev öz feysbuk səhifəsində yazıb:
“Mərkəzi Bankın xarici valyuta öhdəliklərinə bağlı investisiya layihələri və xarici borcların qaytarılması üçün valyuta bazarından kənarda vəsait axtarmasının səbəbi odur ki, 2017-2018-ci illər hökumətin özünün və dövlət sektoruna aid şirkətlərin kifayət qədər böyük həcmdə valyutaya ehtiyacı var.
2016-cı ildə büdcədən dövlət borclarının qaytarılması üçün nəzərdə tutulan vəsaitin 85%-i xarici borc ödənişləri ilə bağlı idi, amma 2017-ci ildə büdcənin borca xidmət xərclərindən 96%-i xarici borcların qaytarılması ilə bağlıdır. 2017-ci ildə dövlət büdcəsindən xarici borcların qaytarılmasına təxminən 1 mlrd. dollar ayrılmalıdır. Məlumat üçün deyim ki, bu ölkənin səhiyyə büdcəsindən 2.1 dəfə çoxdur.Yeri gəlmişkən, yəqin dünyada öz büdcəsinin təxminən 10%-ni borcun qaytarılmasına xərcləyən ölkələr axtaranız, belə nümunələrlə çox az qarşılaşarsınız və onlardan biri də biz olarıq.
Əlavə olaraq, SOCAR-ın 2017-ci ildə 600 mln. dollara yaxın xarici borc qaytarmaq öhdəliyi var.
Nəhayət, 2018-ci ildə yekunlaşmalı olan TANAP-da Azərbaycanın öhdəliyi 8 mlrd. dollara yaxın qiymətləndirilir. 2015-2016-cı illərdə dövlət büdcəsi və Neft Fondu vasitəsilə bu öhdəliyin 2 mlrd. dollara yaxını artıq maliyyələşdirilib. Bu günlərdə Asiya İnkişaf Bankı layihə üçün 1 mlrd. dollar kredit xətti açdı. 2017-ci ildə dövlət büdcəsi və Neft Fondu vasitəsilə təxminən 600 mln. dollar ayrılacaq. Yenə də yaxın 2 il üçün ən azı 4-4.5 mlrd. dollara ehtiyac var. Bu isə orta hesabla 2017-2018-ci illər üçün ildə TANAP üçün ən azı 2-2.5 mlrd. dollar valyuta vəsaiti tapılmasına ehtiyacın olduğunu göstərir.
Bankların və qeyri-maliyyə şirkətlərinin dövlət zəmanəti ilə alınmayan, qaytarılmalı olan borc öhdəliklərini nəzərə alanda qarşıdakı dövr üçün Mərkəzi Bankın narahatlığını anlamaq olar.
Heyf ki, ölkənin beynəlxalq investisiya mövqeyinə dair məlumatlar açıqlanmır, o halda ölkənin xarici aktivləri və öhdəliklərinin nisbətini aydın görmək, yaxın dövrü daha rahatlıqla proqnozlaşdırmaq olardı.
Amma bu məlumatı açıqlamaq öhdəliyi olan Mərkəzi Bank durumu “qara qutu”da idarə etməkdə maraqlıdır.”