Anar Məmmədli
Avropa Birliyinin Gürcüstan və Ukrayna ilə azad viza razılaşmasını təsdiq etməsi ölkəmizdə maraq və həsədlə qarşılanır. Bu proses Avropa Birliyinin 2009-cu ildə Şərq Tərəfdaşlıq ölkələri – Azərbaycan, Belarus, Ermənistan, Moldova, Gürcüstan və Ukrayna ilə başladığı çoxtərəfli müzakirələrin tərkib hissəsi kimi gerçəkləşdi.
2009-cu ildə ŞT ölkələrinə yeni əməkdaşlıq imkanları təklif ediləndə Azərbaycan, Belarus və Ermənistan hakimiyyətləri bu prosesə könülsüz qoşuldular. AB-nin insan hüquqları və demokratiya ilə bağlı əməkdaşlıq üzrə şərtlərini qəbul etmədilər. Bununla da Assosiyasiya Sazişini hazırlamaqdan və imzlamaqdan imtina etdilər. Ancaq Gürcüstan, Moldova və Ukrayna fərqli yolu seçdi və 2014-cü ildən başlayaraq bu ölkələrlə AB-nin münasibətləri yeni saziş əsasında tənzimlənir.
Bizim ölkənin, Belarus və Ermənistanın AB ilə son sazişləri isə 1990-cı illərdə olub. Hər 3 ölkə siyasi öhdəliklər götürməkdən yayındığı üçün müzakirələrdə fəal deyillər; ya ikitərəfli sazişləri yeniləmək istəmirlər, ya da siyasi mövzuları sazişlərə salmaq istəmirlər. Ancaq fəal olan digər 3 ölkənin vətəndaşları indi AB-dən faydalana bilirlər. Moldovanın ardınca Gürcüstan və Ukraynaya da azad-viza sazişi üzrə yaşıl işıq yandırıldı. Əgər üzv dövlətlər bu sənədi təsdiq etsələr hər 3 ölkənin AB-yə üzvlüyü ilə bağlı ciddi siyasi proseslər başlayacaq.
Bunu da unutmayaq ki, Gürcüstan və Ukrayna Avropa Birliyi ölkələri ilə vizaların sadələşdirilməsi prosesində ciddi islahatlar aparıblar. Məsələn, bu ölkələrə giriş uzun illərdir ki, avropalılara çox asan başa gəlir. Fəqət Azərbaycana gəlmək istəyən Avropa Birliyinə üzv ölkələrin vətəndaşları xeyli əziyyət çəkməli olurlar. Biz heç Türkiyə vətəndaşlarına vizasız rejim təklif etmirik. Bizim ölkəmizdə Rusiya, Mərkəzi Asiya və ərəb ölkələrinin vətəndaşları rahat səfər etmək imkanı malikdirlər. Amma bu imkanı AB ölkələri üçün tanımırıq. Nəticədə isə bölgədə gedən mədəni-tarixi proseslərdən, siyasi inteqrasiyadan, sosial-iqtisadi inkişafdan geri qalırıq. “Azərbaycan” adlı ictimai fikir məkanının yaradıcıları və qurucu babalarımızın xəyal etdiyi “Avropa modelli” dövlət olmaqdan, Avropa ailəsinə inteqrasiya etməkdən bir siyasi qrupun hakimiyyət hərisliyi üzündən imtina edirik. Bunun bir adı var Keçmişə və Gələcəyə, bir sözlə Tarixə Xəyanət!
Ümumiyyətlə, AB-nin Gürcüstan və Ukrayna ilə bağlı qərarına Azərbaycan hakimiyyətinin “reaksiyası” çox gecikmədi. “Heykəl” məhbuslarından ikincisi olan Bayram Məmmədova məhkəmə 10 il azadlqıdan məhrum etmə cəzası verdi. Əslində bu cür zehniyyətlə idarə olunan ölkənin yeri AB-nin yanında deyil. Öz gənc vətəndaşlarına qəzəb və kin püskürən hakimiyyət təbii ki, alternativ düşüncənin və ifadə azadlığının düşməndir. Düşmənçilik bəslənən dəyərlər isə AB-nin təməl dəyərləridir. Bu dəyərlər olmadan AB də mövcud ola bilməzdi. Avropanı Avropa edən məhz o dəyərlərdir ki, bizm hakimiyyət onlara nifrət edir, əzir, məhv edir. Bəli, bu cür düşmənçiliklə Avropaya inteqrasiya etmək olmaz!