Altunay Hacıbəyli
Yaşamaq – Nazim Hikmət fəlsəfəsinə uyğun, “Böyük bir ciddiyyətlə”, yoxsa sıradan? Yadımdadır, bir neçə il öncə, 80 yaşlı qadının “həyat və yaşam haqqında” xatirələrini oxumuşdum. Onun yazdıqlarından biri heç yadımdan çıxmır. O deyirdi: – “Problemlərinizi sizi stressə salacaq qədər çox düşünməyin, fikirləşin, 5 il sonra bunu heç xatırlamayacaqsınız. Həyatınızı üzgünlüklərə xərcləməyin, yaşayın!”. Təcrübələrindən də görünür ki, həyata keçirə bilmədiklərinin məyusluğuna baxmayaraq, səhvlərindən nəticə çıxarmağı bacarıb. Ziqmund Freyd: “Kim ki həyatın mənasını axtarmağa başlayır, həmin insanda psixoloji gərginliklər başlamışdır” – deyir və əlavə edir: “Həyatın mənasını axtarmağa gərək yoxdur, onsuz da mənasızdır, yəni ölmək üçün doğulmuşuqsa…”
Düzgün yanaşmadır, illərlə mücadilə edib, sanki heç yaranmamış kimi əbədiyyətə qovuşmaq insanı həyatdan soyudur. Lakin biz bunu həyatın mənasız olduğu anlamında deyil, həyatın qanunu kimi dərk etməliyik. Düşüncəmiz həyata baxışımızdır. Yəni mənasızlıqlara məna qataraq bu fikirlərdən yaxa qurtara bilərik. Yaşamın əsasını inam təşkil edir. Yaşamaq üçün insan nəyəsə tutunmalı, inanmalıdır. Onun qədər güclü həyat eşqi yarada biləcək güc yoxdur. Çünki inandığın hər şeyi cəzb edirsən. Sən buna ümid etmirsən, varlığınla inanırsan. Ümid etmək və inanmaq tamamilə fərqli məna daşıyır. Ümid etmək ömrünü heçə verməkdir. Çünki ümid etmək nəyisə gözləmək, inamsa olacağına əminlik, onun uğrunda döyüşməkdir. Ümid, tənbəl insanların tutunacağıdır. Realistlərin fəlsəfəsində “ümid etmək” deyilən bir şey yoxdur. Ya gerçəklik vardır, ya da gerçəkləşdirmək uğrunda gedən mübarizə. Ümidlə yaşayan insanlar özlərindən deyil, daim həyatdan gözləntiləri olanlardır. Realistlərdən olmalıyıq. Nə qədər ki, gəncik arzularımızı reallaşdıra biləcək kifayət qədər zaman və enerjiyə sahibik, verilən fürsəti dəyərləndirməli, illər sonra peşmanlığını yaşamaq istəmədiyimiz nə varsa, onun uğrunda günü bu gündən hərəkətə keçməliyik. Çünki həyat sabahların olacağına zəmanət vermir. Düşünmək belə gözəldir, illər sonra gördüyümüz işlərin məmnunluğundan özümüzü necə də xoşbəxt hiss edəcəyik. Aqil insan ömrünü boşa keçirməmiş, öz gücünə sahib olduqlarının dəyərini heç nəyə dəyişməyən insandır. Sabahı gözləmədən, həyatı doyunca yaşaya bilmək üçün arzu və planları gecikdirmədən həyata keçirmək yaşamın gözəlliklərindəndir. Bizə bir dəfə bəxş edilən şans – həyat, yaşasaq da, yaşamasaq da, bir gün bitəcək. Elə bu fikrin özü insanı düşündürür və yaşamağa sövq edir. Gördüyümüz, hiss etdiyimiz və düşündüklərimizdə məna tapmalıyıq. Mənasız olanlara belə məna qatmalı, yəni bunu özümüz etməliyik. Ən azı istədiyimiz kimi yaşamaq üçün… Həyatı üzgünlüklərə deyil, özgürlüklərə xərcləməliyik!
Yazının sonuna Nazim Hikmətin “Yaşamaya dair” şeirini əlavə edirəm. Oxumayanlar, yaşamın nə olduğunu Nazim Hikmətin gözündən görmək istəyənlər və bir daha oxumaq istəyənlər üçün…
Yaşamaya dair
Yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın
bir sincap gibi mesela,
yani, yaşamanın dışında ve ötesinde hiçbir şey beklemeden,
yani bütün işin gücün yaşamak olacak.
Yaşamayı ciddiye alacaksın,
yani o derecede, öylesine ki,
mesela, kolların bağlı arkadan, sırtın duvarda,
yahut kocaman gözlüklerin,
beyaz gömleğinle bir laboratuvarda
insanlar için ölebileceksin,
hem de yüzünü bile görmediğin insanlar için,
hem de hiç kimse seni buna zorlamamışken,
hem de en güzel en gerçek şeyin
yaşamak olduğunu bildiğin halde.
Yani, öylesine ciddiye alacaksın ki yaşamayı,
yetmişinde bile, mesela, zeytin dikeceksin,
hem de öyle çocuklara falan kalır diye değil,
ölmekten korktuğun halde ölüme inanmadığın için,
yaşamak yanı ağır bastığından.