Pis əməlləri ixtisara salmasanız…
Hökumətin nəticəsiz islahatları, böhran yaradan anti-böhran tədbirləri davam edir. Quru vədlər, əhəmiyyətsiz sərəncamlar, yalançı təsəllilər meydan sulayır. Reallıq isə budur ki, hökumət yalnız qiymətləri qaldırmağı, ixtisarlar aparmağı, vətəndaşın cibinə girməyi bacarırlar.
Hər dəfə qənaətdən dəm vururlar, amma bu qənaət prosesində hökumət komandasının komfortuna, mənasız xərclərə toxunulmur.
Artıq bu qərara gəliblər ki, yaxın günlərdə ali məktəbləri də optimallaşdırsınlar. Bu barədə təhsil naziri Mikayıl Cabbarov Milli Məclisdəki çıxışı zamanı bildirib. Yəni, hökumət qərara gəlib ki, Universitetlərin birləşdirilməsini, yaxud çalışanların ixtisarını həyata keçirsinlər.
Analoqsuz komanda başa düşmür ki, bu kimi tədbirlərlə nəticəni dəyişmək olmaz. Yeni nəfəsliklər açılmalı, imitasiyadan real işə keçmək lazımdır.
Universitetləri optimallaşdırmaqla, ixtisarları sürətləndirməklə vəziyyəti yaxşılaşdırmaq mümkün deyil. Hökumət komandası nəfsini optimallaşdırmalıdır, pis əməlləri ixtisara salmaq lazımdır. Ölkənin bu vəziyyətə salan səbəblər aradan qaldırılmayan qədər, xoşagəlməz nəticələr qaçılmaz olacaq.
Hökumət uyğun variant axtarırsa, uyğunsuz fəaliyyətdən imtina etməlidir. Hansı dövlət qurumlarını birləşdirmək, hansısa qurumları ləğv etmək hələ irəliyə doğru addım deyil. İxtisarlar, birləşdirmələr müəyyən qənaət yarada bilər, amma ölkəyə investisiya axınını sürətləndirə bilməz, əhalinin həyat şəraitini yaxşılaşdırmaz. Onminlərlə ailəni işsiz qoyub, hansısa məbləğə qənaət etmək daha ağır fəsadlar törədəcək. Xalqın cibinə girmək əvəzinə, ciblərə yığılan oğurluq pulları dövriyyəyə qaytarmaq lazımdır.
Bir sözlə, optimal addımlar hökumətin özünü əhatə etməlidir. Optimal hökumət olmalı, korrupsiyadan, inhisardan imtina edilməlidir. Hələdə neqativ ənənələr ləğv olunmayıb, ona görə də heç bir optimallaşdırma uğur gətirə bilməz. Təhsil ocaqlarını birləşdirməkdənsə, saxtakarlıq ocaqlarını dağıdın.
İlham