Mayın 10-da Heydər Əliyevin heykəlinə siyasi şüar yazandan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Bayram Məmmədov 10 il azadlıqdan məhrum edilib.
Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eynulla Vəliyevin sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.
Hökm elan olunmamışdan öncə Bayram Məmmədovun vəkili Elçin Sadıqov çıxış edib. Müdafiəçi gənc fəal barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Siyasi sifarişli, saxta ittihamlı cinayət işi…
Elçin Sadıqov deyib ki, daha bir siyasi sifarişli, saxta ittihamla cinayət işinin məhkəməsi yekunlaşdı. Məhkəmə prosesi boyunca müdafiə tərəfinin cəmi bir vəsatətinin təmin olunduğunu deyən vəkilin sözlərinə görə, o da yarımçıq icra olunub.
Vəkil vurğulayıb ki, Bayram Məmmədov heç bir cinayət törətməyib. O, sadəcə, ölkədəki özbaşınalıqlara, qanunsuzluqlara etiraz olaraq, Heydər Əliyevin heykəlinə şüar yazıb, buna görə də ağır işgəncələrə məruz qalıb, narkotiklə şərlənib.
Vəkil deyir ki, həbs olunandan sonra Bayrama müəyyən təkliflər olunub, amma o, imtina edib: “Əgər Bayram üzr istəsəydi, bu gün heç bu məhkəmə də olmayacaqdı”.
Elçin Sadıqov çıxışının sonunda Eynulla Vəliyevin sədrlik etdiyi, İradə Həsənzadə və Əhməd Quliyevdən ibarət hakimlər heyətindən cəsarətli davranıb, Bayram Məmmədovun barəsində bəraət hökmünün çıxarılmasını, onun həbsdən azad edilməsini istəyib.
“Mən azadlıq aşiqiyəm!”
Daha sonra Bayram Məmmədov özü son sözlə çıxış edib:
– Vəliyev, siz mənə demişdiniz ki, “sən əqidənə görə yox, verilən ittihama görə mühakimə olunursan”. Amma hamı kimi siz də yaxşı bilirsiniz ki, mən əqidəmə görə həbs olunmuşam. Mənim burada olmamaq şansım var idi. Bundan sonra polislər haqqında ancaq dırnaq arasında “adamlar” ifadəsini işlədəcəm. O adamlar həbsimin ilk günlərində dəfələrlə mənə təklif edilər ki, heykəlin qarşısına gül qoyum, baş əyib üzr istəyim, AzTV-yə çıxım. Bu cür azadlıqdansa, həbsdə olmaq daha şərəflidir. Həbs desəm də, özümü dustaq hiss eləmirəm. Mən fanatik və azadlıq aşiqiyəm, həmişə də azad insan olmuşam.
Təklifdən imtina edəndə işgəncələr başladı. Bu “adamlar” özləri üçün saxta vətən məfhumu yaradıblar ki, Heydər Əliyev və onun davamçısı İlham Əliyevi sevirsənsə, onlara biət edirsənsə, deməli vətənpərvərsən. Onlara etiraz edirsənsə, deməli, vətən xainisən. Sonra telekanallarda məlum olur ki, guya, hansısa Qərb təşkilatları ilə əlaqən var, o təşkilatları erməni lobbisi maliyyələşdirir və s. Əgər Vətən Heydər Əliyev Fondu, Heydər Əliyev adına hava limanı, Heydər Əliyev Sarayı, Heydər Əliyev Məktəbi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev prospekti, ölkənin bütün şəhər və rayonlarındakı Heydər Əliyev parkları, küçələri, Heydər Əliyevin heykəllərindən ibarətdirsə, o zaman, bəli mən vətənə xəyanət edirəm, bununla da fəxr edirəm…
“Əxlaqlı insan başqasını yağmalamaz, rüşvət almaz…”
Bu zaman hakim Bayramın çıxışını dayandırıb:
– Şüarlar dediyin kifayətdi, ittihamdan danış.
Bayram Məmmədov çıxışını belə davam etdirib:
– Məni vətənə xəyanətə görə də mühakimə edə bilərsiz. Axı hardan bilsinlər ki, əsl vətənpərvərlər xalqı hakimiyyətin zülmündən qorumağa çalışanlardır?
Mənə gözəl vədlər verirdilər: “Təhsilli gəncsən, yaxşı maaşın, işin ola bilər…”. Nə cavab verdiyim yəqin ki, məlumdur. Məşhur rus filosof Piter Kropotkinin belə situasiyada verdiyi cavab var, özümü ona oxşadıram. O, iş təklifindən imtina etmiş, səbəbini isə belə izah etmişdi…
Hakim yenə Bayramın çıxışını dayandırıb:
– Kimlərdənsə sitat gətirməyə ehtiyac yoxdur, ittihamdan danış.
Bayram Məmmədov:
– Necə olur, siz hər addım başı Heydər Əliyevdən sitat gətirə bilirsiz. Mehdiabadın girişində söz tapmayıblar yazmağa, Heydər Əliyevin “Mənim Mehdiabadlılara böyük hörmətim var” sözünü yazıblar. Mən də sitat gətirmək hüququmdan istifadə edirəm.
Vəkil Elçin Sadıqov da müvəkkilinin son sözünə müdaxiləyə etiraz edib: “O, əvvəlcədən də deyib ki, Heydər Əliyevin heykəlinə şüar yazdığına görə həbs olunub. İmkan verin danışsın…”
Bayram Məmmədov çıxışını davam etdirib:
– Əxlaqlı insanlar aldığı yaxşı təhsildən başqalarını yağmalamaq üçün, xalqdan rüşvət yığmaq üçün istifadə eləmirlər. Bilmirəm, bu zalda rüşvət alan var, ya yox. Rüşvət alanlar haqqında Rəsul Rzanın şeirini demək istəyirəm:
Sən də kişi qoymusan adını,
Rüşvət alıb saxlayırsan arvadını…
Baş verənlərdən sonra bir daha əmin oldum ki, bu polisin məqsədi cinayətkarlığı aradan qaldırmaq yox, hakimiyyəti qoruyub saxlamaqdır. Hakimiyyət güclü strukturu olan polisdən xalqı əzmək üçün istifadə edir. Bilmirəm ki, Qiyası tutan polislər ona nə deyiblər, amma məni tutanların reaksiyası bu idi: “Əəə, sənsən babamın heykəlini yazan?”. Görəsən bu adamların nənələri necə həyat yaşayıb ki, babalarının kim olduğunu bilmirlər?
Həbs boş şeydir. Əsas odur ki, biz bütü dağıtdıq. Xalqın içindən çıxan iki gənc olaraq, göstərdik ki, Heydər Əliyev büt deyil…
Bu zaman hakimlər qəfildən müşavirəyə gedib.
“Əfv diləyən insan kimi yadda qalmaq istəmirəm”
Bayram Məmmədov isə hakimlər olmadan da çıxışını davam etdirib:
– Məşhur fikir var, “sevgilim, sənə görə ölümü gözə alaram”. Bizim sevgilimiz əqidəmizdir və buna görə həbsi gözə almışıq. Rejim devriləndən sonra o heykəllərin başına çox oyunlar gətirəcəklər. Bundan sonra 10 may təkcə Heydər Əliyevin doğum günü və Gül bayramı kimi yox, həm də Heydər Əliyevin heykəlinin yazılması, Qul bayramı kimi yadda qalacaq.
Heç nəyə görə də peşman deyiləm. Əlimdə imkanım olsa, yenə də eləyərdim.
Məşhur Meksika inqilabçı Rikardo Foresi dəfələrlə həbs edib, axırda ona 21 il cəza verirlər. Şərt qoyurlar ki, üzr istəyib, əfv diləsə, buraxılacaq. O isə imtina edir və deyir ki, əfv yazmaqdansa, ölümü daha üstün tutur. Fikrini də belə əsaslandırır ki, öləndən sonra bəziləri yazacaq ki, bu qəbirdə xəyalpərəst yatır, düşmənləri yazacaq ki, burada axmağın biri yatır. Amma heç vaxt heç kim yaza bilməyəcək ki, burada ideyalarına xəyanət edən qorxaq bir insan yatır. Mən də son sözümdə əfv diləyib, üzr istəyən insan kimi yadda qalmaq istəmirdim. Hakim də çıxıb getdi, sözlərimə dözmədi…
Buradan gənclərə də səslənirəm: doğruluq, ədalət və bərabərlik uğrunda mübarizə aparın!
Apellyasiya şikayəti veriləcək
Təxminən yarım saatlıq müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, Bayram Məmmədov 10 il azadlıqdan məhrum edilib.
Məhkəmədən sonra gənc fəalın vəkili Elçin Sadıqov hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib. Müdafiəçi deyir ki, Bayram Məmmədova qarşı narkotik ittihamı hüquqi əsaslarla da öz təsdiqini tapmadı: “Hal şahidləri polislə əməkdaşlıq edən adamlar idi. Heç bir mötəbər sübut yox idi. Biz apellyasiya şikayəti verəcəyik. Sona qədər – Bayram Məmmədova bəraət alana qədər bu işi davam etdirəcəyik”.
Məhkəmənin qarşısında etiraz aksiyası
Məhkəmənin hökmündən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında gənclər aksiya keçiriblər. Aksiyada “Azadlıq!”, “Bayrama azadlıq!”, “Qiyasa azadlıq!”, “Bayram, Qiyas!” kimi şüarlar səsləndiriblər.
“Oğlumla fəxr edirəm”
Bayram Məmmədovun atası Fərman Məmmədov oğlunun 10 il azadlıqdan məhrum edilməsinə dair hökmün onun üçün gözlənilməz olmadığını bildirib: “Onlar əmr quludular, verməliydilər, verdilər. Mən övladımla fəxr eləyirəm. Heç bir pis iş görməyib. Kiməsə sataşmayıb, kiməsə pislik eləməyib. Azad insandır, öz fikrini bildirib”.
“Azərbaycan hökuməti o qədər siyasi ömrə sahib deyil ki…”
AXCP sədri Əli Kərimli də deyib ki, Bayram Məmmədov törətmədiyi cinayətə görə siyasi sifarişlə 10 il azadlıqdan məhrum edildi: “Bayram Məmmədov çox məzmunlu və üsyankar son söz dedi. Son sözünü də gülərək, yüksək iradə və özgüvən nümayiş etdirərək dedi. Hakim, hətta Bayramın son sözünü də sonadək dinləyə bilmədi. Çox eybəcər bir ənənə formalaşıb. Artıq neçənci haldır ki, siyasi məhbuslara son sözünü deməyə imkan verilmir. Bayramın da son sözünü dinləməyə cürətləri çatmadı. Bayram açıq ifadə elədi ki, azadlıq fədaisidi, azadlığı fanatikcəsinə sevir və şüurlu şəkildə bu əməli törədib. Heykələ “Qul bayramınız mübarək!” şüarını yazmaqda məqsədi də bütü sındırmaq, ölkədəki qorxu rejiminə zərbə vurmaq olub. Əməlindən də qətiyyən peşman deyil. Bayram Məmmədov haqqındakı bu hökm tamamilə qanunsuzdur. Bütün Azərbaycan, dünya ictimaiyyəti bilir ki, Bayram Məmmədov heç bir cinayət törətməyib, sadəcə, Azərbaycanda bütpərəstliyə, şəxsiyyətə pərəstişə etiraz etdiyinə görə məhkum olunub. Məqsəd də qorxu rejimi yaratmaqdır. Amma çox yaxşı haldır ki, bu alınmır. Azərbaycan hökuməti o qədər siyasi ömrə sahib deyil ki, gəncləri on il müddətinə azadlıqdan məhrum eləsin. Bayram da, Qiyas da, nahaqdan həbs olunmuş digər gənclərimiz də tezliklə azadlığa çıxacaqlar. Allah onların qapısını açsın!”