AXCP sədrinin dəvətindən sonra partiyaya üzvlük üçün 300-dən çox müraciət daxil olub
AXCP sədri Əli Kərimli ötən gün feysbuk səhifəsində vətəndaşları siyasi fəallığa və təmsil etdiyi partiyaya üzv olmağa çağıran müraciət yayıb, üzv olmaq istəyənlər üçün də elektron ərizə formasını əlavə edib. Müraciət böyük əks-səda doğurub və maraqla qarşılanıb. Elə Əli Kərimlinin öz səhifəsində müraciətə yüzlərlə rəy yazılıb, çağırış təqdir olunub, AXCP-yə simpatiya ifadə olunub. Hətta tanınmış hüquqşünas Qurban Məmmədov da rəy yazaraq, hamını AXCP və Milli Şura ətrafında birləşməyə çağırıb: “İndiki vəziyyətdən qansız-qadasız, ən az ziyanla çıxmağın yolu da budur. Hamı AXCP-yə üzv olsun, ya da Milli Şura ətrafında birləşsin”.
AXCP-dən verilən məlumata görə, Əli Kərimlinin çağırışından sonra partiyaya üzvlük üçün yüzlərlə müraciət daxil olub. AXCP Gənclər Komitəsinin Ali Məclis sədri Ruslan Nəsirlinin bildirdiyinə görə, müraciətdən sonra orada əlavə edilən elektron ərizə forması üzrə 300-dən çox ərizə daxil olub.