Beynəlxalq Bankın prezidenti, 2015-ci il dekabrın 4-dən həbsdə olan Cahangir Hacıyev Baş Prokurorluğu məhkəməyə verib. Buna səbəb isə bu qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bir müddət əvvəl mətbuata açıqlamasında onun haqqında səsləndirdiyi fikirlərdir.
Eldar Sultanov deyib ki, Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. O, qeyd edib ki, bankın İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə mütəşəkkil dəstə yaradaraq, öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla vəzifə saxtakarlığı törədib.
Cahangir Hacıyev barəsindəki hökmün qanuni qüvvəyə minmədiyini xatırladaraq, bu cür fikirlərlə barəsində mənfi ictimai rəy formalaşdırmaqla, təqsirsizlik prezumpsiyasının pozulduğunu bildirir. Bu barədə “Azadlıq”a Cahangir Hacıyevin vəkili Aqil Layıcov məlumat verərək bildirib ki, təqsirsizlik prezumpsiyası hüququnu pozulması ilə əlaqədar Baş Prokurorluğa qarşı şikayətə dekabrın 14-də Səbail Rayon Məhkəməsində baxılacaq. İş hakim Nurəddin Bağırovun icraatındadır.
Cahangir Hacıyev işinə baxan hakimə etiraz edir
“Bu gün Kürdəxanıdakı istintaq təcridxanasında Cahangir Hacıyevlə görüşdüm. Məndən işə Nurəddin Bağırovun baxmasına yazılı etiraz hazırlamağımı istədi. Cahangir Hacıyev eşidib ki, o, qanunlara əhəmiyyət verməyən, ədalətsiz hakim kimi tanınır. Onun qərar verdiyi işlər haqda da məlumatlıdır. Bu səbəbdən də işinə həmin hakimin baxmasına etiraz edir”, – deyə Aqil Layıcov bildirib. Müdafiəçi əlavə edib ki, bu məsələdə o da da müvəkkili ilə həmrəydi.
Cahangir Hacıyev iki ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifədən sui-istifadə kimi əməllərdə təqsirli bilinir. Cahangir Hacıyev ittihamları qəbul etmir və hökmdən apellyasiya şikayəti verib. Yaxın günlərdə şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.