Zaman yenə də ən böyük hakim olduğunu sübut etdi. Biz illərdi ölkənin bu vəziyyətə düşəcəyindən yazırıq, hökuməti silkələyərik, reallıqları göstəririk, yürüdülən siyasətin yanlış olduğunu deyirik. Amma hər dəfə rejim təmsilçiləri müxalifəti qərəzli olmaqda, erməni lobbisinə xidmət etməkdə, inkişafı gözü götürməmkdə ittiham edib. Hər fürsətdə yartımazlığı müdafiə etməyə, həqiqətləri deyənləri ləkələməyə çalışıblar. Hətta həqiqəti deyənləri qondarma ittihamlarla həbs ediblər, təzyiq göstəriblər. İndi isə vəziyyətə dəyişib. Böhranın tüğyan etdiyini özləri də etiraf etməyə başlayıblar.
Deputat Yevda Abramov deyir ki, məmurlar dağda, bağda villallar tikdirirlər, külli miqdarda pula sahibdilər. Deyir ki, qiymətləri artırıb xalqın boğazından kəsmək düzgün deyil.
Deputat Siyavuş Novruzov diplomatik korpusların bağlanmasına münasibət bildirərkən belə deyib: “Biz indi xarici ölkələrə necə izah edəcəyik ki, hansı səbəbdən bu diplomatik korpusları bağlayırıq və oradakı diplomatik nümyənədlərin sayını azaldırıq? Deyək ki, ölkəmizdə böhrandır?”
Deputat Rafael Cəbrayılov bildirir ki, milyardlarla vəsait xərclənsə də, ciddi uğurlar əldə olunmayıb.
Mərkəzi Bankın sədri Elman Rüstəmov gələn il vəziyyətin daha da ağır olacağını söyləyib. Vitse-spiker Bahar Muradova xalqı yoxsulluğa öyərşməyə çağırıb. Deputat Vahid Əhmədov işığın və qazın qiymətlərinin əhaliyə ciddi təsir edəcəyini bildirir. Deputat Qüdrət Həsənquliyev 617 milyon manatın idman yarışlarına ayrılmasını israfçılıq kimi qiymətləndirir.
Bu siyahını uzatmaq da olar. Amma mənzərini təsvir eləmək üçün bir neçə nümunə kifayətdir. Göründüyü kimi, dünənə qədər müxalifəti xəyanətdə ittiham edənlər, bu gün özləri ağır vəziyyəti etiraf edirlər.
Yevda Abramovun gördüyü villaları, milyarderə çevrilmiş məmurları biz də görürük və illərdi bu pulların mənbəyini soruşuruq. Qiymət artımının əhaliyə ağır zərbə olduğunu deputat indi etiraf edir, müxalifət isə hər dəfə süni qiymət artımına etirazını bildirir. Maliyyə probleminin olduğunu və bu səbəbdən diplomatik korpusların bağlanacağını deputat etiraf edir. Amma biz ilərdi ölkənin böhrana sürükləndiyini yazrıq.
Necə olur ki, bu reallıqları müxalifət dilə gətirəndə düşmən olur, amma deputat səsləndirəndə təbii qarşılanır?
Bəs, deyirdilər böhran bizə təsir etməyəcək, böhrandan şərəflə çıxmışıq, yoxsulluğun səviyyəsi aşağı enib? Yoxsulluq səviyyəsi 5 faizə enibsə, 62 faiz aztəminatlı ailə haradan peyda oldu?
Əslində, bu deputatlar qəhrəmanlıq etməyiblər. Ya da haqqın yoluna qayıtmayıblar. Sadəcə olaraq artıq reallığı danmaq mümkünsüz olub. Milyarderə çevrilən məmur da bu hökumətin kadrıdı, qiymət artımı qərarı verən Tarif Şurası da “xeyri-dua”nı Prezident Aparatından alır, ayda 30 min manat paket alan, 300 min manat “haqq” verən məmur da bu hökumətin nəzrətində olub.
Bu gün deputatların etirafları həm də onların özünüifşasıdır. Çünki, uzun illər boyu eybəcərlikləri gizlədiblər, həqiqətlərə yalan donu geyindirməyə çalışıblar və bugün də əsl günhakarı adıyla çağıra bilmirlər. Çünki, özləri də xalqdan səs almayıblar, təyinatla mandat sahibi olublar.
İstənilən halda, 120 milyard neft pulunun heç nəyə yaramadığını, bir qrup şəxs tərəfindən mənimsənildiyini və aparılan təbliğatın yalan olduğunu etiraf edirlər.
Bəli, bu sözləri biz demirik, hökumətin qazanından qidalananlar deyir. Belə çıxır ki, bu adamlar erməni dəyirmanına su tökürlər? Yaxud, inkişafa xor baxırlar?
Nəticə budur ki, bu komanda ölkəni zəlil vəziyyətə saldı və öz yaratdıları əsərə qiymət verməyə məcburdular. Nə qədər “5” yazsalar da, zaman bu qiymətin “2” olduğunu təsdiqləyir.
Akif