“Rəis dedi ki, bu dəfə 30 sutkayla qurtardınız, gələn dəfə başqa şeylər olar”
Gəncədə divarlara siyasi şüarlar yazdıqları üçün noyabrın 6-da 30 sutka inzibatı həbs cəzası alan “NİDA” Vətəndaş Hərəkatının üzvü Elmir Məmmədov (Təhmin) və heç bir təşkilatın üzvü olmayan Tapdıq Məmmədov dekabrın 6-da azadlığa çıxıb. Azadlıq Radiosu onlardan müsahibə alıb. Müsahibələri təqdim edirik.
Elmir Məmmədov:
– Mən və Tapdıq Məmmədov şəhərin bəzi küçələrinə şüar yazmışdıq: “NİDA”-çılara azadlıq!”, “Free Bayram”, “Free Qiyas”, “Əliyev, rədd ol”. Şüarları yazıb qayıdarkən, 3 nəfər mülkigeyimli şəxs bizi saxladı. Onlar bizi Gəncənin Nizami rayon Polis Şöbəsinə apardılar. Əvvəlcə mülayim davrandılar, sonra ayrı-ayrı otaqlarda izahat aldılar. Ancaq bundan sonra təzyiq göstərməyə başladılar.
– Təzyiq deyərkən, nəyi nəzərdə tutursunuz?
– Şillə, təpik vururdular. Döyür və arada sual verirdilər: “Sizi kim maliyyələşdirir? Nə qədər pul almısan? Sənə bu göstərişi kim verib?”. Mən dəfələrlə bildirdim ki, heç kimdən nə pul, nə də göstəriş almışam. Onlar buna inanmadılar. Yenə təzyiq göstərdilər, təxminən yarım saat, 40 dəqiqə döydülər. İzahatı verdik və sonda “Peşman deyilik” yazdıq. Səhərəcən polis şöbəsində qaldıq. Səhər rəis gəldi, bizi onun yanına apardılar. O da bizə təzyiq göstərdi.
– Təzyiq deyərkən…
– Döydü. Tapdıq aldığı şillədən sonra yerə yıxıldı və rəis onu yerdə təpikləməyə başladı. Tapdığın başı divara dəydi, alnında şiş yarandı. Məni də döydü… Arada sual verirdi. Maliyyə ilə bağlı sualda cavabıma inanmadı, saçımdan tutub masaya çırpdı. Axşamacan orda qaldıq. Axşam Nizami rayon Məhkəməsinə aparıldıq, orda da Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları üzümüzə durdular. Bizi şərlədilər ki, guya onların əmrlərinə tabe olmamışıq. Hakim də bizi 30 sutka azadlıqdan məhrum etdi.
– Şüarları hara yazmışdınız?
– İki qəsəbədə divarlara, bir də parkda yazmışdıq.
– Niyə bu şüarları yazmışdınız? Məqsədiniz nəydi?
– Tam vicdan məsələsiydi. Bizim Bakıda dostlarımızı şərləyib tutdular. Tapdıqla oturub fikirləşdik ki, biz nəsə etməliyik.
– Sizə polis idarəsində fiziki təzyiq göstərildiyini söylədiniz. 30 gün cəza alandan sonra da təzyiqlər davam edirdi?
– Müvəqqəti saxlama yerində psixoloji basqılar oldu. Rəis bizi yanına çağırıb deyirdi: “Sizi məhv edəcəklər, özünüzə yazığınız gəlsin”. Ən çox verilən sual da bu idi: “Sizə kim pul verir? Nə qədər pul alırsan?”.
– Azadlığa buraxılanda necə, nəsə xəbərdarlıq edildi?
– Biz çıxanda Nizami rayon Polis Şöbəsinə apardılar. Bu dəfə rəis təzyiq-filan göstərmədən dedi ki, ağlınızı başınıza yığın, dövlətlə dövlətçilik etməyin, bu dəfə 30 sutkayla qurtardınız, gələn dəfə başqa şeylər olar.
– Etdiklərinizə görə peşmansınız?
– Peşman deyiləm. Ola bilsin, bir müddət siyasi fəaliyyətimə ara verim. Amma NİDA-da qalacağam, buranın üzvüyəm.
– Zavodda işləyirsiniz, deyəsən?
– İşləyirdim, artıq çıxarıblar. Anama iş yerində, bacıma ali təhsil aldığı universitetdə təzyiq göstərilib. Anama deyiblər: “Oğlunuz vətən xainidir”. Klassik təzyiq formaları…
– Həbsdən yeni çıxmısınız, söhbəti yekunlaşdıraq. Bir sözünüz var?
– Bizə dəstək göstərən hər kəsə dərin təşəkkürümü bildirirəm.
***
Tapdıq Məmmədov:
– O gün şüarları yazıb qayıdırdıq. Yeni Gəncə qəsəbəsində saxlandıq və polis şöbəsinə gətirildik. İzahat alınarkən, Elmirə şiddət göstərildi. Növbətçi hissədə telefonumda şəkillər tapdıqlarına görə, sonradan mən də şiddətə məruz qaldım.
– Telefonunuzda tapılan nə şəkillər idi?
– Yazdığımız şüarların şəkillərini çəkmişdim. Bu şüarları Yeni Gəncə qəsəbəsində, “Gülüstan” və Xan Bağında yazmışdıq. Şüarlarımız beləydi: “Oyanın, gənclər! Etiraz edin sistemə!”, “Free Byaram”, “Free Qiyas”, “İlham, rədd ol”…
– Sizi şüarların fotolarını görəndə incitdilər?
– Bəli. Elmiri daha əvvəl döymüşdülər. O, izahata qol çəkmirdi. Elmirin iradəsindən xaric sözlər yazılmışdı izahata. O da imzalamaqdan imtina edirdi.
– Nə yazmışdılar izahata?
– Yazmışdılar ki, guya bu tapşırığı NİDA Vətəndaş Hərəkatının rəhbərliyindən alıb. O da qol çəkmədiyi üçün döydülər.
– Elmir Məmmədov sizi də döydüklərini söyləmişdi…
– Məni izahat alanadək döymüşdülər, amma izahatımda dediklərimdən başqa heç nə yazılmamışdı. Aşağıda, növbətçi hissədə – fotoları tapanda döydülər… Dedilər: “Siz kimsiniz, nəçisiniz? Nəyə görə belə şüarlar yazırsınız”. Təhqir etdilər. Elmir, hardasa, yarım saat, mən də təxminən 15 dəqiqə döyüldüm. Sonra da səhərədək şöbədə saxladılar. Rəis gələndə bizi qəbul etdi. Onun otağında da yenidən təhqirə və şiddətə məruz qaldıq. Yalnız bundan sonra məhkəməyə aparıldıq.
– Rəis də sizi döydü?
– Bəli. Soruşurdu: “Sizi kim maliyyələşdirir, tapşırığı kimdən almısınız? Rəhbəriniz kimdir? Neyləmək istəyirsiniz? Məqsədiniz nədir…”.
– Sizə belə bir tapşırıq verən vardı?
– Xeyr! Biz Bayramla Qiyasın başlatdığı gənclər dalğasının bir ləpəsi olaraq etirazımızı çatdırmaq istədik. Fikirləşirəm ki, məqsədimizə də çatdıq.
Bizdən sonra da Bakıda “Free Bayram”, “Free Qiyas” yazanlar oldu. Ümid edirik məqsədimizə çatmışıq.
– Hərdən gənc fəalları qınayanlar olur ki, belə mübarizə səmərəsizdir, bir az təmkinli şəkildə mübarizə aparmaq, bir az da şüarçılıqdan qaçmaq lazımdır…
– Hər kəsin fikrinə hörmətim var. Biz də özümüzü düşünmədik. Öz xalqımızı, dostlarımızı fikirləşdik, bu yola çıxdıq. Nəticəsi də budur.
– Universitet tələbəsisiniz. Sizə və ya valideynlərinizə təzyiq oldu? Elmir Məmmədov müsahibəsində anasına işdə, bacısına oxuduğu universitetdə təzyiqlər olduğunu demişdi…
– Xeyr, heç bir təzyiqlə üzləşməmişəm. Əksinə, xoş rəftarla üzləşdim. Dünən azadlığa çıxmışam, bu gün universitetə dərsə getdim. Nə müəllimlər, nə də dekan tərəfindən təzyiqlə üzləşmişəm. Eləcə də tələbə yoldaşlarım normal qarşıladılar.
– Azadlığa çıxanda sizə bir xəbərdarlıq edildi?
– Dekabrın 6-da artıq bizə verilən cəza müddəti bitmişdi. Amma bizi buraxmaq əvəzinə Nizami rayon polis şöbəsinə apardılar. Növbətçi hissədə iki-üç saat gözləməli olduq. Sonra rəis bizi qəbul etdi, yenə suallar verdi və çıxanda xəbərdarlıq etdi: “Bu dəfə yaxşı qurtardınız, gələn səfər başqa cür ola bilər. Ağlınızı başınıza yığın”.
– Bu xəbərdarlığı nəzərə alacaqsınız?
– Xəbərdarlıq edildi, düzdür, amma… Universiteti bitirməyimə 5-6 ay qalıb. Təhsilim başa vuranadək çalışacağam ki, belə addım atmayım. Ancaq əqidəm dəyişməz qalır.