Dövlət büdcəsinin gəlir və xərcləri 300 milyon manat həcmində artırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin (MM) plenar iclasında 2017-ci il büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin differensiallaşdırılması ilə əlaqədar qərarı gələn ilin dövlət büdcəsində gəlir və xərclərin 300 mln. manat artırılmasına səbəb olub:
Başqa sözlə, gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88 faiz, xərcləri isə 1,8 faiz artırılıb. Bununla da gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində nəzərdə tutulur.
İndiyədək 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat, xərcləri 16 mlrd. 600 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində nəzərdə tutulurdu.
Beləliklə, rəsmi şəkildə etiraf olunur ki, elektrik enerjisi və qazın qiymətinin qaldırılmasından 300 milyon manat gəlir əldə olunacaq. Amma o qaranlıq qalır ki, nədən dövlətin bu məbləğə ehtiyacı olduğu halda “Azərenerji” ASC və “Azərişıq” ASC-də dövlət vəsaitləri səmərəsiz xərclənib. Məsələn, böhranın dərinləşdiyi bir vaxtda “Azərenerji”nin qurumda çalışan yüksək vəzifəli şəxslər üçün 20 ədəd “NazLifan” markalı, “Azərişıq”ın isə 470 ədəd Pikap tipli avtomobil aldığı barədə məlumat yayılmışdı. Bu məlumatlarla paralel olaraq yayılan xəbərlərdə isə hər iki qurumda maaş böhranının hökm sürdüyü iddia edilirdi. Hətta adıçəkilən ASC-lərdə ciddi gərginliyin yarandığı bildirilirdi.
Bundan başqa, ötən il Hesablama Palatası məlumat yaymışdı ki, “Azərenerji” ASC-nin vergi və digər icbari ödənişlər üzrə dövlətə 800 milyon manat borcu var. Belə bir vəzyyətdə qurumun yüksək vəzifəli şəxsləri üçün avtomobil alınması nə dərəcədə doğru addımdır?
Ekspertlər hesab edir ki, hər iki qurumda maliyyə vəziyyətinin pisləşməsi iri miqyaslı korrupsiya əməliyyatları ilə bağlıdır. Ekspertlər fikirlərini əsaslandırmaq üçün “Barmek” şirkətini nümunə gətirirlər.”Barmek” şirkəti paytaxt Bakı və Sumqayıtı enerji ilə təmin edirdi. Dövlətdən heç bir dotasiya almayan bu şirkət külli miqdarda gəlir əldə edirdi. Necə olur ki, dövlətdən heç bir dotasiya almayan bir şirkət ölkənin iki ən iri şəhərini fasiləsiz enerjilə təmin edə bilir, işçilərinin əmək haqqında heç bir problem yaranmır, milyonlarla manat gəlir götürür, amma dövlətdən dotasiya alan qurumlar nəinki yüksək səviyyədə xidmət göstərir, hətta dövlətə külli miqdarda borcu da yaranır, işçilərinə də maaş verə bilmir?! Bütün bunlar əlbəttə ki, həmin qurumlarda korrupsiyanın olmasına şübhələri artırır. Kimlərsə dövlətin pulunu talayır, bunu kompensasiya etmək isə əhalinin üzərinə düşür”,- deyə ekspertlər bildirir.
Azadliq.info