Uşaqlıqdan bu günə kimi, belə desək, ağlım kəsəndən evimizdə eşitdiyim, kəlmələrlə anladılması mümkünsüz, beynimdəki yerini heç nə əvəz etməyən, insan üçün ən önəmli olan bu iki söz – Müstəqillik və Azadlıq haqqında düşüncələrimi sizlərlə bölüşürəm.
Geniş mənada Müstəqillik və Azadlıq dedikdə ağıla gələn bir çox şey var. Hər bir insanın bu haqda fikri hansı düşüncə və xarakter yiyəsi olduğunun göstəricisidir.
Mənə “müstəqillik və azadlıq nədir?” – deyə sorsalar, bu haqda cavabım çox geniş olar.Çünki mənasına görə geniş sualdı. Sizinlə sadəcə az bir qismini bölüşmək istəyirəm.
Mənə görə Müstəqillik və Azadlıq insanın özünə hakim olması, özünü, düşüncəsini müdafiə etməsi, etdiyi hərəkətə görə kimsəyə hesab verməməsi (ki belə də olmalıdır), necə yaşamasının, hansı yolun yolçusu olduğunun əminliklə arxasında dura bilməsi bacarığıdır.Bunu sadəcə ona görə etmirsən ki, sən mübariz insansan, bu həm də sənin özün haqqında gözəl fikirdə olduğundan irəli gəlir.
Bəlkə də atdığın addım çoxlarına xoş gəlməyə bilər, səni qınağ obyektinə də çevirərlər. Dönmə! Bu sənin üçün önəmlidirsə, etdiyin hərəkətin əsl səbəbini bilirsənsə, kimsəyə nəsə anlatmağa gərək yox.
Təbii ki, insanlar bundan sui-istifadə etməməlidir. Başlanğıcda da dediyim kimi, hər kəsin düşüncəsinə uyğun bir anlayış(dır) ola bilər, lakin bunu belə fikirləşək ki, Müstəqillik və Azadlıq “istədiyin hər şeyi etmək demək” deyildir. Xeyr! Ona görə bu haqda da bir az danışmaq istəyirəm.
İnsan düz hərəkət edirsə, gördüyü işlərdən əmindirsə, (ətrafın fikri önəmli deyil) həmin insanın azadlıq haqqı vardır!
Yox, sən tərbiyənə uyğun hərəkət edib, “mən azad insanam” deyib, insanların ovqatını pozacaqsansa, bu “azadlıq” o azadlıqdan deyil. Sənin kimi hamının azadlıq hüququ var, təbii ki, sənə qarşı çıxacaqlar və o zaman anlayacaqsan ki, hərəkətlərin düzgün deyil, deməli, azadlıq haqqında da yanlış düşüncədəsən.
Haqsız olan hər şeyə qarşı çıxacaqsan, kimsənin sözünü dinləmədən. Unutma, bu sənin azadlığındır!
Bizdə müstəqil insan 18 yaşından sonra sayılır. Məncə müstəqilliyin və azdlığın yaşı yoxdur. İnsan özünü nə vaxt azad hiss edirsə, o zamandan müstəqildir.
Bu haqda bu qədər. Öz müstəqilliyinizi və azadlığınızı sevin, sevin ki, heç kim bunu əlinizdən ala bilməsin!
Altunay Hacıbəyli