“Sərnişin sıxlığı mövsümdən asılı olaraq dəyişir. Yay rejimində gün ərzində təxminən 400-450 min, qış rejimində isə 700 min nəfər daşınır. İl ərzində təxminən daşınan sərnişinlrin sayı 210 milyondur”. Bu sözləri modern.az-a müsahibəsində Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. O, daha sonra bildirib ki, 1 sərnişinin daşınması üçün 54 qəpik xərc tələb olunur. “Metro hər zaman ziyanla işləyib. Ziyanla işləməyimizə baxmayaraq, hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq hər il metropolitenə dotasiya ayrılır”, – deyə o əlavə edib.
Nəsimi Paşayev bildirib ki, Azərbaycanda metronun gediş haqqı çox ölkələrdən aşağıdır. Bununla belə, o, qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət olunmadığını deyib: “Bildiyiniz kimi Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir. Təmsil etdiyim qurum tərəfindən isə qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət olunmayıb”.
Qeyd edək ki, elektrik enerjisi və qazın qiymətinin qaldırılmasından sonra metroda da gediş haqqının artırılacağı barədə intensiv məlumatlar yayılır. Hələ bir müddət əvvəl bu barədə məlumatlar dolaşırdı. Bildirilirdi ki, vahid kart sisteminə keçiddən sonra metroda gediş haqqı artıralacaq. Vahid kart sisteminə keçid prosesi sürətlənib. Bundan başqa, növbəti il üçün nəzərdə tutulan büdcədə “Bakı Metropoliteni”nə ayrılan dotasiya azaldılıb. Bütün bunlar gediş haqlarının qaldırılacağı barədə ehtimalları gücləndirir. Nəsimi Paşayev Tarif Şurasına müraciət edilmədiyini deyib. Lakin Azərbaycanda qiymət artımının qəfil baş verməsi təcrübəsi var. Yəni, Tarif Şurasına müraciət olunması adətən məxfi saxlanılır və qəfildən qərar elan olunur.