Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.
Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki, analoji yanğın hadisəsi 2012-ci ildə Tibb Universitetinin Cərrahiyyə korpusunda da baş verib: “Məlum oldu ki, Cərrahiyyə korpusundakı üzlənmə materialları Çindən gətirilib. Yoxlamalar nəticəsində Çin malının asan yanan, bizim materialın isə çətin yanan olması müəyyən edildi. Əgər həmin vaxt bizim qəliblədiyimiz materiallar pis olsaydı bizə bizim işi də bağlayardılar. Həmin yanğın zamanı xəsarət alan da var idi, dövlətə ciddi ziyan da dəymişdi. Niyə Çin şirkətinin hər hansı bir işçisini, yaxud təsisçilərindən heç kimi bizim kimi istintaq məsuliyyətə cəlb etmədilər”.
Hakim isə deyib ki, Binəqədidə binanın yanmasına günahı olanlar cəzalandırılacaq, günahsızlara isə bəraət veriləcək.
Təqsirləndirilən Ədalət Rəcəbovun vəkili Xanlar Bayramzadə Binəqədi Rayon İcra Hakimiyyətinin işçisi Hacıbala Əkbərovun ifadəsinin elan olunmasını istəyib. İfadə elan olunub və məlum olub ki, Ə.Rəcəbovdan əvvəl İcra Hakimiyyətində memarlıq işlərinə Qüdrət Seyfullayev və Hacıbala Əkbərov rəhbərlik edib.
Daha sonra hakim iş materiallarında olan Azadlıq – 200 ünvandakı binaya dair layihə-smeta sənədlərini elan edib. Sənədin məzmununa əsasən, sənədin Binəqədi İH sifarişi ilə “Genteks” MMC tərəfindən hazırlandığı bildirilib və həmin binada üzləmə işlərinin bu layihə əsasında həyata keçirildiyi qeyd olunub.
Proses dekabrın 6-da davam etdiriləcək. (APA)