Elnur Astanbəylinin iki şeir silsiləsini təqdim edirik.
“Arakəsmələr” silsiləsi
(1) Doğmalıq
sadəcə
12 yaşımadək
eynəksiz baxa bildim
dünyaya
indi 35 yaşımdayam
və
eynəyim gözlərimdən
daha doğmadır…
(2) Qar adam
əriyir
dünən günortadan
düzəldilmiş qar adam
ancaq
əridikcə suya deyil
göz yaşına dönür
buna heyfslənən
balacaların yanaqlarında!..
(3) Dovşan qanı
bilirəm
bu dünyadan
yadımda
ən çox
göyün mavisi
qalacaq
yarpağın yaşılı
günəşin sarısı
və
çölün bozu
ancaq
hamısından da çox
bu dünyadan yadımda
o qızın donunun
dovşan qanı
qırmızısı qalacaq…
(4) Yuxuyozma
dalbadal
üçüncü gecədir
yağış yağır yuxularımda
və
burnuma quru ot qoxusu dəyir
ağlayıb ayılıram…
nədi bu yuxunun yozması? –
bilmirəm
bildiyim bircə şey var:
bu səs-küylü
boz-bulanıq şəhərdən
çox uzaqda –
uşaqlığımın keçdiyi,
yağışdan sonra
quru ot qoxuyan
qaratoyuqlar oxuyan
o doğma yerlərdə
məni çoxdan unudublar…
(5) Və…
nə sərxoşdum
və
nə də yorğun
sadəcə,
qəfil ürəyim istədi
yanından keçdiyim çoxqatlı binanın
bumbuz divarına söykəndim
və
onun soyuqluğu
dalğa-dalğa yayıldı bədənimə
üşüdüm
və
üşəndim:
sanki dünəndi
Müşfiqin zalımca güllələndiyi
Hadinin xəbərsizcə öldüyü…
və
nə qədər xatırlamağa çalışsam da
gəlmədi yadıma sonuncu dəfə
gözümün içinin nə vaxt güldüyü!
noyabr-dekabr, 2015
“Fevral” silsiləsi
- Ağırlıq
son qəpiklərimi də xərclədim
iki dənə siqaret aldım, bir çörək
sanki indi şalvarım düşəcək
bomboş ciblərimin ağırlığından
(2) Limonsatan qadına ithaf
“neftçilər” metrosunun üstündə
məzlum görkəmli qadının
qarşısındakı limon dolu vedrənin
üzərində polis təpiyinin izləri
bir hüznlü kitab kimi oxunur –
nə yazıldığı bəlli orada
əlbəttə, anlayanlara…
- Bir dəstə gül
gəl indi başa düş bu işi –
dünən arvadının ad günündə
evə əlində
bir dəstə güllə gələn kişi
bəs bu gün
məzarlıqdakı qəbirlərin üstündə
nə axtarır görəsən?
- Kimsəsiz evin hekayəsi
qonşuluqdakı kimsəsiz evin
səhərdən bəri
taxta qapısını döyür ağacdələn
siçovul civiltisi eşidilir içəridən
sanki soruşur: “kimdi gələn?”
(5) Boşluq
uşaqlar
bir az da
divardan asılacaq
xoşbəxt ailə fotosunda
kişi ilə qadın arasındakı
boşluğu doldurmaq üçün
doğulurlar…
fevral, 2016