Ekspertlərə görə, neftin hazırkı qiyməti ən optimaldır
Nemət Əliyev: “Azərbaycan iqtisadiyyatında bu qədər geriləmələr meydana gəlibsə, bunu neftin qiymətində axtarmaq yanlışdır”
Neft İxrc edən Ölkələr Birliyinin (OPEK) Vyanadakı toplantısına qatılan bir nümayəndə, neft hasilatını azaltmaq barədə razılıq əldə olunduğunu bildirib. Gündəlik hasilat 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrel olacaq.
Açıqlamanın ardından xam neft qiymətləri daha da qalxıb. Nyu-Yorkda xam neftin barrel qiyməti 49 dolların, Londonda Brent nefti də 50 dolların üzərinə çıxıb.
OPEK üzvləri sentyabrın 28-də Əlcəzairdə keçirilən iclasda hasilatı gündəlik 32.5 ilə 33 milyon barrelə salmaq məsələsində anlaşmışdı.
OPEK-in hasilatı oktyabrda gündəlik 33.643 milyon barrel səviyyəsində, Səudiyyə Ərəbistanının hasilatı gündəlik 10.532 milyon barrel, İraqın hasilatı gündəlik 4.561 milyon barrel, İranın hasilat gündəlik 3.69 milyon barrel səviyyəsində olub.
Beləliklə, Səudiyyə Ərəbistanı, İraq və İran kimi ən iri istehsalçılar arasında həftələrdir davam edən gərgin danışıqların ardından 2008-ci ildən bəri ilk dəfə istehsalın məhdudlaşması üçün razılıq əldə olunub.
OPEK-in qərarı dünya bazarında neftin qiymətinin atrmasına səbəb olub. Ekspertlərin fikrincə, bu artım bir qədər də davam edə bilər. Bəs, dünya bazarında baş verənlər Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək? Hələ neftin qiyməti 80 dollar oaln zaman iqtisadiyyatda böhran tam ağırlığı ilə hiss olunurdu. Bu zaman İlham Əliyev məsələyə münasibət bildirmişdi. İ.Əliyev qeyd etmişdi ki, neft hətta 60 dollara düşərsə belə Azərbaycanın bu halda atacağı addımlar məlumdur. Amma proseslər göstərdi ki, Azərbaycan neftin ucuzlaşmasına hazır deyil. Neftin cüzi bahalaşması Azərbaycanı böhrandan çıxara biləcəkmi? Neftin hazırda bahalaşmasının fonunda Trampın açıqlamaları da diqqətdən qaçmamalıdır. Tramp ABŞ-ın neft siyasətini daha sərt formada tətbiq etmək, slans neftinin çıxarılmasını tezləşdirmək niyyətindədir.
İqtisadçı Nemət Əliyevin fikrincə, əvvəlla onu qeyd etmək yerinə düşər ki, neftin hazırkı qiyməti normal əmtəə qiyməti sayıla bilər. Qiymətin əsasən onu təşkil edən komponentlərin nəticəsində formalaşdığını deyən N.Əliyev vurğuladı ki, xam neftin başa gəlməsi və dünya bazarlarına çatdırılma xərcləri indiki qiymət nəzərə alınarsa tam şəkildə təmin olunur: “Hazırki qiymətlə təxminən iki dəfəyə yaxın da təmiz gəlir əldə etmək mümkün olur. Bu baxımdan neftin bu günki qiyməti çox nornaldır. Neftin bazar qiyməti inhisarçı qiymətlərin təsiri ilə vaxtı ilə 100 dolların üstünə qalxmışdı. Bunu nəyə görə xatırlatdım. Azərbaycan hökuməti neft gəlirlərinin azalmasını əsas tutub Azərbaycanda yaşanan böhrana haqq qazandıra bilməz. Əgər Azərbaycan iqtisadiyyatında bu qədər geriləmələr meydana gəlibsə, iqtisadiyyat tənənzülə uğrayırsa, bunu dünya bazarında neftin qiymətlərində axtarmaq yanlışdır. Hökumətin borcudur ki, iqtisadiyyatın sahələri arasında tarazlı inkişafa nail ola bilsin. Bunu etməyiblər. Başları qarışıb neftdən gələn milyardları xərcləməyə və iqtisadiyyat da hazırkı duruma düşüb. Ona görə bugünki böhranın əsas səbəbi hökumətin məsuliyyətsiliyidir”.
N.Əliyev bildirdi ki, neftin gələcək qiymətləriylə bağlı müxtəlif proqnozlar verilə bilər. Həmin proqnozlar neftin hələ bir müddət hazırkı orta qiymətdə olacağını göstərir: “Odur ki, hökumət bu gün olan qiyməti əsas tutub işlərini həyata keçirməlidir. Dövlət, investisiya xərcləri hazırkı qiymətə uyğunlaşdırılmalıdır. İslahatlara diqqət yönəltmək lazımdır. Onu düşünmək lazım deyil ki, sabah qiymətlər qalxacaq və mən bu hesaba problemlərimi həll edəcəm”.
N.Əliyevin qənaətincə, bahalaşma ciddi fəsadlar verəcək. Çünki əhalinin manat şəkilində əldə etdiyi gəlirləri MB-nin, hökümətlə birgə həyata keçirdiyi devalvasiya ilə birgə sürətlə dəyər itirir.
Xəyal