Rəsul Cəfərov: «Əgər Ştrasser ölkəyə buraxılmasa, hakimiyyətin onun obyektivliyinə şübhə etməyə nə mənəvi, nə də hüquqi haqqı olacaq»
Azərbaycan hakimiyyətinin Almaniyaya qarşı apardığı kampaniyada Avropa Şurası PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserə də “pay” düşdü. Ştrasseri ölkəyə buraxmaq istəməyən hakimiyyət günahı məruzəçinin öz üzərinə atmağa çalışır. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə mətbuata açıqlamasında Ştrasserin Avropa dəyərlərindən çıxış etmədiyini və Azərbaycana gəlməməkdə maraqlı olduğunu deyib. YAP-çı deputat Azərbaycan tərəfinin onun ölkəyə gəlməməsi ilə bağlı mövqeyini ortaya qoyduğunu, Ştrasserin isə özünün məxsusi baxışlarını zorla qarşı tərəfə qəbul etdirməyə çalışdığını bildirib.
Deputatın dediklərinə münasibət bildirən hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycan hakimiyyətinin əks-hücum taktikasını seçdiyini deyir. Hakimiyyət bununla məsuliyyəti və cavabdehliyi öz üzərindən atmaq istəyir. Problemin kökünün hakimiyyətdə olduğunu deyən hüquq müdafiəçisi Ştrasserin məqsədli şəkildə ölkəyə buraxılmadığını vurğuladı. Azərbaycan hökumətinin istəyi ilə Ştrasserin mandatı dəyişdirilsə də, rəsmi Bakı onun ölkəyə gəlməsində problemlər yaratmaqdadır.
Hüquq müdafiəçisinin sözlərinə görə, əgər Ştrasser ölkəyə buraxılmasa, Azərbaycan hakimiyyətinin onun obyektivliyinə şübhə etməyə nə mənəvi, nə də hüquqi haqqı olacaq. Ştrasserin hesabatı isə AŞ PA-da böyük səs çoxluğu ilə qəbul olunacaq.
Fizzə