“The Telegraph” qəzetinin elm məsələləri üzrə redaktoru Sarah Knapton yazır ki, Oxford Universitetinin alimləri “insanın üz ifadələrindən onun əhvalını müəyyən edib kef duruldan və narahatlıığı dağıdan qidalar təklif edən” yeni aplikasiya icad ediblər.
Eksperimental alim, professor Charles Spence və “Just Eat” iaşə xidməti firması birlikdə insan əhvalının “xəritələnməsi” texnologiyasını sınaqdan keçiriblər. Bu texnologiya bu ilin sonlarınadək kütləvi istismara veriləcək.
Yeni aplikasiya büzülmüş dodaqlar və məyus gözlər kimi əlamətləri insanın özündən daha yaxşı sezməlidir.
“Çox vaxt adamlar əhvallarının necə olduğu barədə danışmırlar və ya danışmaq istəmirlər. Axı belə də olur ki, kefimiz yoxdur, amma niyəsini bilmirik – deyib alim.
Onun sözlərinə görə bizim əhvalımız dad və iybilmə qabiliyyətimizi əhəmiyyətli dərəcədə təsirləndirir və əgər belədirsə, müəyyən qidalar bu əhvalmızı düzəldə bilər.
Professor deyib ki, əhvalımız və emosiyalarımız dadbilmə qabiliyyətimizi təsirləndirir və buna görə də ovqatımız təlx olanda yemək belə istəmirik. Bunun səbəbi odur ki, adamın kefi olmayanda yemək də ləzzət eləmir.
Professor Spence deyir ki, elm məhz bu məqamda köməyimizə yetişə bilər.
Yeni aplikasiya insanın qəzəb, iyrənmə, qorxu, təəccüb, kədər və sevinc kimi duyğularına uyğun olan menyu təklif edəcək.
Məsələn əsəbiləşmiş adamın sakitləşdirici qidalar, yəni tərkibində maqnezium olan qoz və şokolad kimi qidaları qəbul etməsində fayda ola bilər.
Əksinə son dərəcə həyəcanlı vəziyyətdə olan adamlara qanda şəkərin miqdarını tənzimləyən qidalar, məsələn kəpəkli bulkalar və ya tərkibində paxlalar olan piroqlar təklif edilə bilər.
Dietoloq Ruth Tongue isə deyir ki, qəbul etdiyimiz qidalar bizim nəinki nə yediyimizi, həm də necə həzm etməyimizi təsirləndirir. (BBC azeri)