Dünən axşam saat 19 radələrində Binəqədi Rayon Polis Idarəsinin əməkdaşları Bakıda evi sökülən və buna etiraz edən sakinlərdən biri, İctimai Palatanın 22 aprel mitinqində mülkiyyət hüququ pozulanlardan biri kimi çıxış edən Şirinbacı Rzayevanın yaşadığı evə basqın edib, evdə axtarış aparıblar.
Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin Azərbaycandakı müşaviri Ağası Şakiroğlu “Azadlıq” radiosuna bildirib ki, axtarışdan sonra polislər iki bağlama narkotik vasitə – anaşa göstərib, onları evdən tapdıqlarını bildiriblər. Axtarışdan sonra Şirinbacı Rzayevanın kiçik oğlu İlqar Rzayevi həbs ediblər.
Şirinbacı Rzayeva və onun digər oğlu Əlirza Muxtarlı ictimai fəallıqları ilə seçiliblər. Onlar bu yaxınlarda mülkiyyət hüququ pozulan başqa bir neçə nəfərlə birlikdə Bakının mərkəzində ACP sədri Rəsul Quliyevi müdafiə məqsədilə üzərində onun şəkli olan köynəklərdə yürüş təşkil etmişdilər.
A.Şakiroğlu deyib ki, Ə.Muxtarlı və Ş.Rzayevə ACP-nin fəallarındandır. Onların evində axtarış və ailə üzvlərinin həbsi də siyasi fəaliyyətlərinə görədir. “Polislər axtarışın onlara daxil olan məlumat əsasında aparıldığını deyirlər. Amma biz əminik ki, onlar partiyanın keçirdiyi aksiyalara və Əlirza ilə Şirinbacı Rzayevanın hakimiyyət əleyhinə səsləndirdikləri fikirlərə görə bu addımı atıblar. Ilqar Rzayevi də bu yaxınlarda ”Vaşinqton Post” qəzetinə məmurları kəskin tənqid edən müsahibə verdiyinə görə saxlayıblar”, – deyə ACP sədrinin müşaviri bildirib.