İstər pişik ili olsun, istərsə it – hansı ilin gəlişindən asılı olmayaraq, bu rejimin varlığında elə neqativ təzahürlər var ki, dəyişməsi əsla mümkün deyil. Avtoritarizmin mahiyyətindən doğan anormallıqların bəziləri isə rejim qaldıqca, yaşamağa məhkumdur.
Nədir onlar?
1. Rüşvət. Rüşvətsiz Azərbaycanın təsəvvürünü bu məmləkətdə yaşayanların başı heç cür həzm edə bilmir. Ötən əsrin 70-ci illərində yaranmış bir lətifəni xatırladıram ki, nəticəni özünüz çıxarasınız. Deyir, bir gün ABŞ prezidenti, SSRI-nin başçısı və Azərbaycan Kommunistlərinin lideri Allahın (Əğstəfürullah!) yanına gedir. Öncə ABŞ prezidenti Allahdan soruşur ki, ölkəsinin vətəndaşları nə zaman milyonçu olacaq. Allah da cavab verir ki, 500 ildən sonra. ABŞ prezidenti başlayır hönkür-hönkür ağlamağa. Ki, o günü görməyəcək. SSRI-nin rəhbəri xəbər alır ki, Sovet Ittifaqında kommunizm nə vaxt bərqərar olacaq. Allah qayıdır ki, 1000 ildən sonra. Kremlin sahibi də bu günü görməyəcəyinə görə göz yaşı tökür. Növbə bizimkinə çatır və o da sual edir ki, Azərbaycanda rüşvətin kökü nə zaman kəsiləcək. Allahı ağlamaq tutur…
2. Korrupsiya. Rüşvətin böyük qardaşı kimi daha da çiçəklənəcək.
3. Saxtakarlıq. Avtoritar rejimlərin atributlarından biri kimi zirvəyə doğru dırmanacaq. Şişirdilmiş saxta rəqəmlərdən yaranan eyforiya riyakarlar vasitəsi ilə cəmiyyətə sırınacaq. “Iqtisadi inkişafa görə dünyada liderik” devizi bu il də aktuallığını itirməyəcək.
4. Yaltaqlıq və məddahlıq. Tulapayına möhtac qələm sahibləri – jurnalistlər, şairlər, yazıçılar, titul almaqdan yana dombalaq aşmağa amadə elm, mədəniyyət, incəsənət xadimləri rejimin cinayətlərini malalamaqla məşğul olmaqda davam edəcək. Bu zümrə 2013-cü ildə keçiriləcək prezident seçkilərinə xüsusi hazırlıq gördüyündən, yaratdıqları şedevrləri 2011-ci ildən başlayaraq, cəmiyyətə təqdim edəcək.
2011-ci ildə rejimin pozitiv addımları da gözlənilir.
– təqaüdçülərin pensiyası, müəllimlərin, həkimlərin, alimlərin maaşı 2-3 kilo qoyun ətinin ekvivalentində artırılacaq;
– Novruz bayramında, xüsusən, prezidentin 50 illik yubileyində əfv fərmanının imzalanması mümkündür. Bəzi kriteriyalara uyğun gələn bəzi dustaqlar əfv ediləcək.
Bu il cəmiyyətin bəzi kəsimlərində həyat səviyyəsi dəyişikliyə məruz qalacaq.
– Dövlətin təməlini sarsıdan oliqarx-nazirlər, tayfa üzvləri, rüşvətxor məmurlar daha da zənginləşəcək;
– Orta və iri çaplı şirkətlərin oliqarx-nazirlər və tayfa üzvləri tərəfindən iflic vəziyyətə düçar edilməsi sayəsində saysız-hesabsız iş adamı müflisləşəcək;
– Mədəsinin problemlərini zorla həll edən ziyalı ordusu ili sürünə-sürünə başa vuracaq, hər il olduğu kimi bu ildə də borc içində yaşamağa məhkum olacaq.
Təzə ildə hakimiyyətdaxili və tayfadaxili rəqabətin açıq müstəvidə olmasa da, gizlin formada kəskinləşəcəyi ehtimal olunur.
– WikiLeaks-in Azərbaycan cəmiyyətinə təqdim etdiyi iqtisadi imperiyalardan birinin – Paşayevlər imperiyasının qüdrəti xeyli artacaq;
– Oliqarx-nazirlər bölgələrin işğalına ciddi önəm verəcək;
– Avtoritar zəncirin zəif halqalarından bir-ikisinin qurban verilməsi mümkündür;
– Tayfa tərəfindən himayə olunmayan və istifadə yararlığını bitirən bəzi yüksək ranqlı məmurlardan Bayıla istirahətə göndərilənlər ola bilər.
2011-ci ildə daha nələr olacaq?
– rejimin xarici siyasət gəmisi Qərb ilə Şimal arasında üzməkdə davam edəcək;
– erməni işğalındakı torpaqların sülh yolu ilə azad edilməsi üçün qısır danışıqlar davam etdiriləcək;
– lentkəsən qayçılar itilənəcək;
– manqurtlaşdırma siyasəti davam edəcək;
– deqradantlar ordusu daha da böyüyəcək…
2011-ci ildə bir önəmli hadisə də baş verəcək. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycanda demokratiyanın təntənəsi üçün, zalımların məzlumlar üzərində ağalığının qarşısını almaqdan ötəri, cinayətləri dünyanı təəccübləndirən rejimə qarşı daha effektli mübarizə aparmaqdan yana BIRLƏŞƏCƏK.
Və bu birlik Azərbaycanda qanunların bərqərar olması üçün qanun çərçivəsində ÖZ SÖZÜNÜ DEYƏCƏK.