“Azərbaycan” qəzetində ABŞ əleyhinə məlum yazının dərcini şərh etmək bizə düşməz. Bunun zəhmətini qoy politoloqlar çəksinlər, əllərinə havayı mövzu düşüb. Imkan verək söhbəti istədikləri qədər və istədikləri yerə fırlatsınlar, çörəklərinə bais olmayaq.
Amma mən o yazıdakı bir detalın üzərindən səssizcə keçmək istəmirəm. Yazıda “ABŞ iqtisadiyyatının indiki ağır vaxtında” prezident Obamanın ailəsi ilə bahalı istirahətə getməsi “korrupsiya faktı” kimi sırınır.
Baxmayaraq ki, ABŞ-a və onun “demokratiya təəssübkeşliyi”nə münasibətim bir çoxlarından fərqlidir, ən azı yazılarımı davamlı oxuyanlar imperialist Qərbinə necə mövqe sərgilədiyimi bilirlər, bununla belə, rəsmi divar qəzetindəki məqaləni diqtə edənlərlə qətiyyən razılaşmır və demək istəyirəm: yeməzlər, cənablar, yeməzlər! Nədə haqlı olsanız belə, bunda sizə haqq vermək mümkün deyil. Toyuq toyuqdu, su içəndə göyə baxır. Qərbə qəzəbinizi, hikkənizi başa düşürəm, bunun bir ideoloji çatışma olmadığını, sadəcə, hakimiyyət hərisliyindən gələn boğuşma olduğunu da unutmuram, amma yenə də insaflı olmaq, ağ eləməmək lazımdır.
Mən Obamanın vəkili deyiləm. Prezidentlərə vəkillik eləmək mənim kitabımda yazılmaz. Uzağı, bunu o prezidentlər haqqında eləyərəm ki, nə əl çatsın, nə ün yetsin. Nə adama bunun əvəzində deputat mandatı verə bilsin, nə də “Şöhrət” ordeni.
Məsələ belədir, cənablar! Indi burnu fırtıqlı bağça uşağı da bilir ki, Sizdən fərqli olaraq, Obama ailəsinin ABŞ büdcəsindən oğurlamağa zərrəcə ehtiyacı yoxdur. Təkcə ona görə yox ki, ABŞ-da prezident və ailəsinin maddi təminatı zatən yüksəkdir. Həm də ona görə ki, Obamanın prezidentlik maaşı bir yana qalsın, təkcə son illərdə nəşr etdirdiyi kitablardan əldə etdiyi gəlir onun yeddi arxa dönəninin yağ-bal içində yaşaması üçün kifayətdir.
Uzağa getməyək, elə iki ay əvvəl Obama hələ prezident deyilkən yazdığı kitabı nəşr etdirdi. Uşaqlar üçün yazılan kitab ilk beş gün ərzində 50 min tirajla satılmışdı. Deyilənə görə, ilk bir ayın tamamında Obamanın kitabı 400 min nüsxədən çox satılmışdı. Çox demirəm, 1 dollardan vursaq, bu, az qala yarım milyon dollar gəlir deməkdir.
Hələ mən onun ABŞ prezidenti seçiləndən bir müddət sonra bütün dünyada bestsellerə çevrilən “Atamın arzuları” kitabını demirəm. Deyilənə görə, həmin kitabın son illərdəki satışından Obama bir neçə milyon dollar qazanıb.
Qısası, xalqın sərvətini bir neçə nəfərə mal edən… Ölkəni bir ailənin gəlir mənbəyinə çevirən… Millətin bədbəxtliyi üzərində öz xoşbəxtliyini quran… Yiyələndiyi zənginliyə, dəbdəbəyə korrupsiyanın, sümürücülüyün, talançılığın hesabına sahib olan bir zehniyyətin hər kəsi öz arşını ilə ölçməsi nə qədər təbiidirsə, bir o qədər də gülməlidir.
Amma nə etməli, dünyanın nizamı belədir: oğru elə bilir hamı oğrudur.
Saakaşvili Ilham Əliyevdən nəyi öyrənib?
On gün əvvəl Saakaşvilinin Azərbaycanda hansısa nəşrə müsahibə verib Ilham Əliyevi bolluca tərifləməsindən, ondan çox şeyi öyrəndiyini deməsindən əsəbləşmişdim.
Amma Yeni il günlərində Gürcüstanla bağlı gördüklərim və eşitdiklərim “əcəba, Saakaşvili Ilham Əliyevdən nəyi öyrənmiş olar?” sualına cavab tapmağa imkan verdi. Beləliklə, Saakaşvili bizim kraldan doğrudan da, çox şey öyrənib, məsələn:
BIR: ən uzun bayraq dirəyi tikib özünü el-aləmə güldürməməyi…
IKI: uğur qazanmaq, karyera qurmaq üçün hər kəsdən ona yaltaqlanmağı tələb edib, insanları özündən iyrəndirməməyi…
ÜÇ: xalqın içinə çıxmaqdan çəkinən, insanlarla üz-üzə, yan-yana dayanmaqdan nifrət edən bir prezidentin xalqın gözündə daha da ögeyləşdiyini, yadlaşdığını…
DÖRD: ətək-ətək pul tökub 20 gündən sonra da 20 yerindən çat verən yolu necə çəkməməyi…
BEŞ: nələrin tarixə yaxşı bir dövlət adamı, sevimli bir ölkə rəhbəri kimi düşməyə mane olduğunu…