Yeni qanunun tətbiqi nələri vəd edir?
Bu gün sosial şəbəkələr bütün sərhədləri aşaraq, informasiyanın əsas məkanına çevrilib. Sosial şəbəkələr televiziyanı, mətbuatı üstələyib və Azərbaycanda təkcə feysbuk istifadəçilərinin sayı 1.7 milyon nəfərdən çoxdur.
Sosial şəbəkələr xüsusən avtoritar rejimlərin başağrısına çevrilib. Çünki, bu məkana müdaxilə etmək imkanları məhduddur, informasiya blokadasını saxlaya bilmirlər və qısa müddət ərzində həqiqətlər ortaya çıxır. Yəni, artıq pis işlərin üstü 40 günə yox, 40 saniyəyə açılır.
Ona görə də hökumət çox narahatdır və feysbukdakı azadlığı məhdudlaşdırmaq üçün yollar axtarır. Əlbəttə ki, bugünə qədər də sosial şəbəkələr üzərindən xeyli saxtakarlıqlara imza atıblar, saxta profillərlə təxribat yaratmağa cəhd ediblər, insanlara şər-böhtan yağdırıblar və.s
Amma bütün bunların effekti olmayıb və sosial şəbəkələrdə hökumət təbliğatı birmənalı şəkildə uduzur. Bütün bunları nəzərə alan hökumət yeni qanunlar yaratmağa başlayıb. Belə ki, bundan sonra sosial şəbəkədə saxta profillərlə təhqir yazanlar, insanların şərəf və ləyaqətini alçaldanlar, təxribatçı statuslar paylaşanlar məsuliyyətə cəlb olunacaq.
Əslində, biz bunun əleyhinə deyilik və təhqiri yolverilməz hesab edirik. İnsanların şərəf və ləyaqətinə toxunanlar da cəzalandırılmalıdır. Amma Azərbaycanda bütün addımların arxasında fitnə dayanır. Bugünə qədər yüzlərlə müxalifət fəallarının profilləri sındırılıb və bu profillərdən kimlərinsə ünvanlarına təhqirlər yazılıb. Bu “ənənə” hələ də davam edir və hökumətdəki xüsusi qruplar profil oğurlamaqla məşğuldu. Deməli, bundan sonra da hansısa müxalifət fəalının profilini oğurlaya və həmin profildən təhqirlər yağdıra bilərlər. Bu adam həqiqəti sübut edənə qədər isə artıq həbsdə olacaq. Mümkündür ki, xeyli sayda belə profillər artıq ələ keçirilib və yeni qanunun tətbiqindən sonra işə salınacaq. Ona görə də bu məsələyə xüsusi diqqət yetirmək vacibdir. Digər tərəfdən sosial şəbəkələrdə saxta adlarla trolluq edənlər, təhqir yazanlar hökumətin müdafiəsindən çıxış edən adamlardır. Amma bugünə qədər bu saxtakarların cəzalandırılması müşahidə olunmayıb. Adamlar belə profillərin sıradan çıxarılması üçün feysbukun özünə şikayət edirlər. Çünki, aidiyyatı qurumlara şikayətin heç bir əhəmiyyət daşımadığını bilirlər.
Bəli, Azərbyacanda öz adıyla sağlam təniqd yazanlar cəzalandırılır, amma saxta adlarla təhqir yazanların izinə düşən yoxdur. Bugünlərdə AXCP sədrinin müavini Gözəl Bayramlı açıq nömrəylə təhdid edildi və saxta profil tərəfindən bu təhdid davam etdirildi. Amma hələ də bu virtual killeri tapan olmayıb.
Demək istəyirik ki, yeni qanun tənqidçi təbəqəni susdurmağa, həbslərə hüquqi don geyindirməyə hesablanıb.
Yuxarıda da qeyd etdiyimiz kimi yarıtmaz idarəçiliyin, saxtakarlığın, korrupsiyanın anında ifşa edilməsi, milyonlarla insanın real vəziyyətdən xəbərdar olması hökuməti narahat edir. Faktiki olaraq, sosial şəbəkə hökumətin “informasiya ilahəsi” olan AzTv-ni udub və rüsvay edib.
Beləliklə, hökumət yeni informasiya vasitələriylə mübarizə üçün yeni addımlar atmağa hazırlaşır. Bundan sonra ölkədə internet məhbuslarının sayı artarsa, təəccüb etməyin.
Profillərinizi möhkəm qoruyun, möhkəm qorxuya düşənlər var.
İlham