Neftimizin göz çıxaran vaxtları vardı. Hökumətimiz dil-boğaza qoymadan öyünür, analoqsuz inkişafdan, regionun lider dövləti kimi aləmə meydan oxumaqdan danışırdı. Arada dodaq qaçıran ifadələr də eşidirdik hələ. Deyirdilər inkişafımızı bəzi dünya ölkələrinin gözləri götürmür. O inkişaf deyilən şey gözə gəldi hər halda. Neft hara buxarlanıb uçdu, izini görən yox. Deyəsən milyardlar yoldaca istiqamətini dəyişib başqa təyinatlı ünvanlara getdi. Hara və necə getdiyini bir başdakılar detallı bilir, bir də Allah. Amma fakt odur ki, bu ölkə insanına ondan bir şey gəlib çıxmadı. Ya vəlvələdən, ya zəlzələdən, gəlmədi. axır. Gözdən pərdə asmaq üçün xərclənən pullar da yaradıcılıqdan çox, dağıdıcılığa israf olunub getdi. Necə? Necəsini hamınız bilirsiniz. O qədim binaları, abidələri söküb yerində yenilərini tikmək, şəhəri gərəksiz körpülərlə, şüşə göydələnlərlə, əcnəbi ağaclarla doldurmaq nəyimizə lazım idi ki?..
Fransız iqtisadçısı Frederik Bastiatın “Sınmış pəncərə” hekayəsini çox misal gətirmişəm. O hekayədə deyilir ki, kiçik şəhərdə bir yeniyetmə mağaza vitrinini sındırır. Hay-küy qopur, hamı pəncərənin önünə yığılıb onu “xuliqan” adlandırır. Sonda bu şəxslərdən biri deyir ki, şüşəni dəyişmək lazımdır və mağaza sahibinin verdiyi o pul şüşəsalana təzə kostyum almaq imkanı yaradacaq. Beləliklə, kostyumu tikən dərzi də özünə yeni masa ala biləcək, pul dövr etdikcə şəhərdə hər kəs oğlanın xuliqanlığından fayda görəcək. Son nəticədə məsələnin mahiyyətinə varmayan şəhər sakinləri quruculuqdan deyil, dağıdıcılıqdan faydalanmaqla “xoşbəxt” olacaqlar. Bu ölkənin xoşbəxtliyi də buna bənzəyir. İnsanlar yaşamağın yolunu ancaq bir-birinin şüşəsini sındırmaqda görürlər. Çünki bu sistem belə qurulub. Qırıb-dağıtmasan, qazanc yeri açılmayacaq, o halda sənə, ona, o birisinə də çörəkpulu çatmayacaq. Axı hamınız yaxşı bilirsiniz yolların nədən həftə səkkiz, mən doqquz asfaltlanıb, yenidən sökülməsinə, birinə tikinti icazəsi verib ardınca tikilən binanın uçurdulub yerlə yeksan olmasına, iş adamlarına yol verib, sonra qazandıqlarının qəpiyinədək cibindən çıxarılmasına. Bu düzəndə gedən inkişafın sonu necə ola bilərdi, sizcə? Bu gün yaşadığımız iqtisadi böhran o sualın cavabını açıq-aydın vermirmi?
Bir dəfə XV Lüdovik bir qrup tacirdən soruşur: “Sizə necə kömək edə bilərəm?”. Onlar cavab verirlər: “Bizə toxunmayın, bizi sərbəst buraxın. Dünya öz-özünə idarə olunur”. Zamanında insanlara biznes azadlığı verilsə, normal rəqabət mühiti yaradılsa, hamımız qazanclı ola bilərdik. Böyük bir zənginlər ordusu yarana bilərdi ölkədə. Buna 100% imkan var idi, bilirsiniz. Təəssüf ki, hər şey tərsinə oldu. Getdikcə yoxsullaşdıq, borclandıq və müflisləşdik. Çünki bütün iqtisadi bağların bir qrupun əlində cəmləşdiyi mühitdə azad sahibkarlar yetişə bilməzdi. Bütün resursların, imkanların, gəlir mənbələrinin monopoliyada olduğu bir yerdə cəmiyyətin inkişafından söhbət gedə bilməzdi. Bir qrupdan başqa kimsə varlana bilməz, ölkə iqtisadi cəhətdən möhkəmlənə bilməzdi. Elə belə də oldu. Analoqsuz inkişafımız nəzərə gəldi. İndi hiperinflyasiyaya doğru gedirik. Böhran çoxdan hamımızın süfrəsinə oturub. “Axırımız xeyir olsun” demək istəyirəm, amma xeyirə ipucu verən bir şey də yox. Görəcəkli günlərimiz hələ qarşıdadır, deyəsən…