Vahid Məhərrəmov: «Hansı istehsal vasitələri xaricdən gətirilirsə, o məhsulun maya dəyəri yüksək olur»
Bir vaxt ipəkçilik üzrə SSRİ-də lider olan Azərbaycan Çindən 1,6 milyon tut ağacı tingi almaq niyyətindədir. Yaxın günlərdə həmin tinglər Azərbaycana gətiriləcək.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çin Xalq Respublikasının Jiangxi əyalətinin Kənd Təsərrüfatı Departamentinin baş məsləhətçisi Çen Rivu ilə görüşündə bu haqda məlumat verib.
Görüşün məqsədi nazirliyin Çin Xalq Respublikasının Jiangxi əyaləti ilə aqrar sahədə gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
İlham Quliyev aqrar sahədə görülən işlər barədə danışarkən, İrandan barama toxumu gətirilərək istehsalçılara pulsuz paylanıldığını da qeyd edib. Nazir müavini çinli iş adamlarına Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 1960-70-ci illərdə ölkədə 7,8 min ton xammal istehsal edilib. SSRİ dağılandan sonra istehsal azalıb. 2000-ci ildə 57, 2014-cü ildə 10 ton, 2015-ci ildə 236 kq məhsul istehsal edilib.
Səbəb Şəki İpək Kombinatının dayanması və istehsalçının marağının olmamasıdır – 1 kq barama 2015-ci ildə 3 olub, bu il isə 8 manatdır.
“Turan” qeyd edir ki, Azərbaycanda tut ağaclarının çoxu məhv edilib. İndi daha 4 il gözləmək lazım gələcək. Ekspertlər hesab edir ki, sahə yenə rəqabət qabiliyyətli ola, məşğulluq 20 min nəfərə çata bilər.
Bir partiya barama istehsalı üçün 40 gün tələb olunur.
Atılan bu addımlar nə dərəcədə effektlidir və gözlənilən nəticələri verə bilər?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, hökumətin bu istiqamətdə atdığı addımlar başa düşülən deyil. Əgər burada məqsəd yeni iş yerlərinin yaranması, kənd təsərrüfatının inkişafı və bu sahədən gəlir əldə olunmasıdırsa, o zaman bu yanlış istiqamətdir. V.Məhərrəmovun sözlərinə görə, baramaçılığın Azərbaycana fayda verəcəyi ilə bağlı səsləndirilən fikirlər reallıqdan uzaqdır: «Neft gəlirlərinin azaldığı bir dövrdə baramaçılığı neft sektorunu əvəz edə biləcək sahə kimi göstərirlər. Bu istiqamətə kifayət qədər maliyyə resursu ayırıblar. Amma hər hansı bir sahəni inkişaf etdirməkdən ötrü gərək yerli şəraiti dəyərləndirəsən. Məsələn, sovet dövründə barama istehsalı sahəsində böyük çətinliklərlə rastlaşırdıq. Əhali baramaçılıqla məşğul olmaq istəmirdi. Ölkədə tut ağacı sahələrinin olmaması imkan vermirdi ki, yeniləməni intensiv vaxtı-vaxtında aparsınlar. Burada çətinlik yalnız tut ağacı ilə bağlı deyil. Barama qurdu üçün yaz vaxtı müəyyən tempratur yaradılmalıdır. Bu isə istilik üçün xərc tələb edir. Digər bir tərəfdən çəkil bağları yaxın məsafədə olmur. Bu isə nəqliyyatın vacibliyini tələb edir».
V.Məhərrəmov onu da bildirdi ki, məhsulun zay olmaması üçün bir çox şərtlər təmin edilməlidir: «Azərbaycan Çindən tinglər gətirir.Bu tingi bizim şəraitə uyğunlaşdırmaq lazımdır. Bütün bunlar isə böyük xərc tələb edir. Həm daşınması, həm bizim şəraitə uyğunlaşdırılması böyük vəsait tələb edir. Halbuki bizim çəkil bağlarımız da var. Düzdür sayı azdır. Amma bunu genişləndirmək də olardı. Bu zaman yerli şəraitə uyğunlaşdırılmış tut ağaclarından istifadə etmək mümkün idi. Ting Çindən, baramanın toxumu isə İrandan gətiriləcək. Daha nə qaldı? Baramının toxumunun daşınması baha, ağacın gətirilməsi xəc tələb edir. Əgər xaricdən hər şey gətiriləcəkdisə, elə baramanı birbaşa xaricdən alıb gətirmək sərf etməzdimi? Hesablamalar görə, hansı istehsal vasitələri xaricdən gətirilirsə, o məhsulun maya dəyəri yüksək olur. Bir müddət sonra bu sahə yenidən xərc tələb edəcək. Ağacların bizim şəraitdə normal yetişməsi inandırıcı deyil. O zaman yeni ağacların gətirilməsinə ehtiyac olacaq».
Xəyal