Vahid Məhərrəmov: «Azərbaycanda kənd təsərrüfatının elə növləri var ki, onlardan pambıqdan daha çox gəlir əldə etmək olar»
Neft bumu dövrü zamanı ölkəyə gələn 150 milyard dollarlıq vəsaitdən iqtisadiyyatı yenidən qurmağı bacarmayan hökumət, «qara qızılı» buraxıb, «ağ qızıl»ın arxasınca düşüb. Amma pambıqdan gələ biləcək vəsaitlər neft pullarını kompensasiya edə bilməz. Birincisi onu qeyd etmək yerinə düşər ki, dünyanın illik pambıq tələbatı 24 milyon tondur. Hər il isə dünyada 25 milyon ton pambıq istehsal olunur. Bir milyon isə hər ehtiyata yığılır. Ekspertlərin hesablamalarına görə, bu il ümumiyyətlə bu istiqamətdə böhran yaşana bilər. Çünki ehtiyatda olan pambığın həcmi dünyanın illik pambıq tələbatına çatıb.
Bəs, Azərbaycanın pambıqdan mümkün gəlirləri nə qədər ola bilər?
2015-ci ildə pambıq ixracından Azərbaycan 29 milyon dollar gəlir əldə edib. Bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib: “2015-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı qeyri-neft məhsullarının ixracının ümumilikdə 47 faizini (təxminən 700 milyon dollar) təşkil edib. Təkcə pambığın hesabına biz 29 milyon dollar qazanmışıq”.
Özünüz müqayisə edin. Yüz əlli milyardlıq vəsait hara, 29 milyonluq vəsait hara? Yaxşı hətta illik 29 milyon dollarlıq gəlir möcüzə nəticəsində 10 dəfə artarsa belə bu Azərbaycana ən yaxşı halda 290 milyon dollar gəlir gətirəcək. Bu göstərici isə hazırkı reallıqda çox cüzidir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da hesab edir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının elə növləri var ki, onlardan daha çox gəlir əldə etmək olar. Pambıqçılığın inkişafı ilə bağlı müəyyən qüvvələrin marağı var: «Pambıq Azərbaycana heç zaman neft qədər gəlir gətirməyəcək. Çünki Azərbaycanda istehsal olunan pambığın maya dəyəri yüksək, keyfiyyəti isə aşağıdır. Gəlir maya dəyəri ilə müqayisədə çox aşağıdır. Pambıqdan keçən il ölkəyə 29 milyon dollar vəsait gəlib. Amma meyvə-tərəvəzdən daha çox vəsait daxil olub. Əgər ölkə meyvə-tərəvəz ixrac edərsə, daha çox gəlir əldə edər, nəinki pambıq ixracından. Pambıqçılığı yalnız məmurların, deputatların qurduğu xam xəyal ilə inkişaf etdirmək olmaz».
V.Məhərrəmov onu da bildirdi ki, bu il istehsal olunan pambığın məhsuldarlığı aşağı olacaq. Məhsuldarlıq aşağı olduğu üçün maya dəyəri yüksək olacaq: «Çünki avqustda yığılmalı olan məhsul hələ də sahələrdə qalıb. İqlim şəraiti dəyişib. Əvvəlki kimi deyil. Ölkəyə gətirilən pambıq toxumu tez yetişən deyil, gec yetişən sort olub. Bu da bizim üçün ciddi problem yaradır. Bizim iqlim şəraitinə uyğun olmadığı üçün yığım uzanır, əldə olunan məhsulun keyfiyyətinə təsir edir. Hətta biz hesablama aparmışdıq ki, Azərbaycan bir milyon ton pambıq istehsal edərsə, ən yaxşı halda bunun gəliri 500 milyon dollar edə bilər. Amma bu pambığın hansı bazara çıxacağı və necə satılacağı məlum deyil. Eyni zamanda o da nəzərə alınmalıdır ki, pambığın qiyməti dünya bazarında aşağı düşməkdə davam edir. Pambıq son zamanlar 1 dollar 68 sentdən, 1 dollar 51 sentə düşüb».
Xəyal