Fuad Qəhrəmanlı: «Siyasi zərurəti və kütləvi dəstəyi olan bir ideyanı «İsa bəy belə deməyib» məntiqilə inkar etmək nə dərəcədə doğrudur?»
«Birliyin baş tutmamasının məsuliyyətini İsa Qəmbərin üzərinə qoymaqla kimlərisə yalnız başqan olmaq düşündürür»
Müsavat partiyasının AXCP ilə birləşmək istəməməsi iki partiyanın birliyilə bağlı müzakirələri səngidib. Müsavat başqanı Isa Qəmbər “Azadlıq” radiosuna bildirdi ki, AXCP və Müsavatın birləşməsi heç də onun üçün əsas məqsəd deyil. Bundan sonra Müsavat Məclisindəki çıxışında da Isa Qəmbər birləşmə ilə bağlı təklifindən geri çəkilərək, “AXCP-Müsavat birliyi” ideyasına qarşı çıxdı. Bu səbəbdən də Müsavatın fəaliyyət planına birləşmə ilə bağlı heç bir məsələ daxil edilmədi.
Digər tərəfdən, AXCP- nin sentyabrda keçirilən qurultayında Müsavatla qeyd-şərtsiz birləşmə barədə qərar qəbul olunub. Bir müddət əvvəl AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında bildirmişdi ki, sözügedən qərar Müsavata təqdim olunub. Maraqlıdır ki, Müsavatın Məclisində bu qərara da münasibət bildirilmədi. Fuad Qəhrəmanlı ilə söhbətimizə də elə bu məsələdən başladıq.
– Baş verənləri təhlil edərək, birləşmə məsələsini bitmiş saymaq olarmı?
– AXCP qurultayı Müsavatla qeyd-şərtsiz birləşmə barədə qərar qəbul etsə də, təəssüf ki, qarşı tərəfin münasibəti bizim bu qərarımıza adekvat olmadı. Buna baxmayaraq, AXCP olaraq biz səbrlə birlik səylərimizi davam etdirməyin tərəfdarıyıq. Hamı razılaşar ki, bugünkü rejimə qarşı mübarizənin önündə olan bir təşkilat kimi, bu iqtidarın aqressiya və təzyiqlərini də hamıdan çox üzərimizdə hiss edirik. Bu səbəbdən də hazırkı rejimi dəyişmək üçün cəmiyyətin bütün potensialını səfərbər etmək, birləşdirmək məsuliyyətini də daha çox AXCP olaraq biz daşıyırıq. Ciddi siyasi qərarları da bizə olan münasibətə görə deyil, apardığımız mübarizənin məsuliyyət hissinə, qarşıya qoyduğumuz demokrtik dəyişikliklər məqsədinin tələbinə görə qəbul edirik. Hətta bir sıra hallarda bəzilərinin qınayacağı dərəcədə dözümlü davranıb, bir çox şeylərin üzərindən keçib cəmiyyət üçün, demokratik proseslər üçün doğru və xeyirli saydığımız məsələlər üzərində sonadək durmağa çalışırıq.
“AXCP-Müsavat” seçki blokunun yaradılması ideyası da AXCP tərəfindən irəli sürülmüşdü və o zaman münasibətlər heç də indikindən fərqli olmamışdı. Ancaq bizim birlik məsələsində səmimiyyətimiz və səbrli davranışımız seçki blokunu yaratmağa imkan vermişdi. Indi də biz Müsavat partiyası qurultayının qərarı olanadək birlik məsələsini gündəmdə saxlamağın tərəfdarıyıq. Çünki bu birlik AXCP olaraq, bu hakimiyyəti dəyişmək uğrunda apardığımız mübarizənin daha tez nəticələnməsinə təsir göstərə bilər.
Bu qədər müzakirələr getsə də, hələ kimsə bu birlik ideyasının bircə mənfi cəhətini belə, deyə bilməyib. Əksinə, hər kəs etiraf edir ki, bu ideyanın gerçəkləşməsi müxalifətin öz sosial bazasına əlavə bir stimul verərək, demokratiya uğrunda yeni bir xalq hərəkatının başlanması üçün generasiya rolunu oynaya bilər. Bunu nəzərə alaraq, inanırıq ki, Müsavat partiyasında da illərini mübarizəyə sərf etmiş, demokratik dəyişikliklər üçün bütün xırda iddiaları kənara qoymağın tərəfdarı olan fədakar müsavatçılar AXCP-Müsavat birliyi ilə bağlı öz mövqelərini partiyalarının qurultayında ifadə edəcəklər.
– AXCP-Müsavat birliyini qəbul etməyənlər heç də siz dediyiniz kimi, arqumentsiz deyillər. Elə onlar da öz mövqelərini əsaslandırırlar…
– Bu proseslərin içərisində olan şəxs kimi deyə bilərəm ki, “Isa bəy AXCP-Müsavat birliyini deyil, Elçibəy-Rəsulzadə yolunda olan qüvvələrin birliyini nəzərdə tutub” ifadəsindən başqa bir arqumentə rast gəlməmişəm. Ancaq hesab edirəm ki, bu arqument də tənqidə çox dözümsüzdür. Əvvəla, cəmiyyət üçün əhəmiyyətli siyasi qərarlar qəbul etmək məsuliyyətini üzərinə götürmüş insanların hazırkı reallığı və birlik zərurətini bir kənara qoyub, “Isa bəy filan vaxt belə deməyib” məntiqilə hərəkət etməsi nə dərəcədə rasionaldır? Hətta tutaq ki, Isa bəy “AXCP-Müsavat birləşsin” yox, “Rəsulzadə-Elçibəy yolunda olan təşkilatlar birləşsin” deyib, bu nəyi dəyişir ki? Məgər Isa bəyin ifadələrindən asılı olmayaraq, bu ideyanın aylardır gündəmdən düşməyərək müzakirə edilməsi, kütləvi dəstək qazanması onu qəbul etmək üçün kifayət deyilmi? Siyasi zərurəti və kütləvi dəstəyi olan bir ideyanı “Isa bəy belə deməyib” məntiqilə inkar etmək nə dərəcədə doğru yanaşmadır? Siz AXCP-Müsavatdan başqa, Rəsulzadə-Elçibəy yolunda olan üçüncü belə böyük təşkilatı göstərə bilərsinizmi? Onda nəyə görə bu iki təşkilat birləşməklə elə Rəsulzadə-Elçibəy yolunda olan təşkilatların birliyi prosesini başlatmasınlar? Deməli, burada “Rəsulzadə-Elçibəy yolunda olan təşkilatların birliyi” fikrindən birlik modeli kimi deyil, AXCP-Müsavat birliyini inkar etmək üçün içi boş bir təklif kimi istifadə olunur.
– Isa Qəmbər “Rəsulzadə-Elçibəy yolunda olan təşkilatlar” deyəndə yəqin ki, AXCP-dən başqa həm də KXCP-ni nəzərdə tuturmuş. Amma KXCP- nin də daxil olduğu DUI-dəki partiyalar Ictimai Palataya qarşı sərt münasibət bildirdilər. KXCP sədri Mirmahmud Mirəlioğlu da bir müddət əvvəl bəyan etdi ki, o, heç kimlə birləşmək fikrində deyil. Sizcə, bütün bunlar Isa Qəmbərin AXCP-Müsavat birliyinə qarşı bəhanələrini alt-üst etmirmi?
– Mən deyə bilmərəm ki, Mirmahmud bəyin bu davranışları Isa bəyə necə təsir göstərəcək. Ancaq aydın görünür ki, əslində, “Rəsulzadə-Elçibəy yolunda olan təşkilatlar” ifadəsi əslində, AXCP-Müsavatdan kənarda hansısa məzmun daşımır və ortada manipulyasiya ediləcək, “başqası” deyilə biləcək təşkilat yoxdur. Bu baxımdan tam səmimi deyə bilərəm ki, Müsavat başqanlığından gedəcəyini bəyan edən Isa bəyin çağdaş siyasi tariximizə “böyük birlik yaradan lider” kimi imza atmaq şansı var. Partiya rəhbərliyindən qopmaların baş verdiyi və prosesin davam etmək ehtimalının olduğu bir mərhələdə, birlik təşəbbüsü tarixi Müsavat irsini nəinki daha yaxşı qoruyar, həm də superpartiyaya çevirməklə onu daha da gücləndirər. Siyasətdə uğurun, doğru qərarın dividendini götürmək şansı olan liderlər eyni zamanda, həm də doğru olmayan qərarların əks təsirlərini daşımalı olurlar. Bu baxımdan hörmətli Isa bəyin, Azərbaycanda mühüm dəyişikliklərə imza atacaq bir birlik modelinin yaradılmasına imza atmasını və bu yeni mərhələnin onun adı ilə bağlanmasını çox istərdim.
Dünyaca məşhur Samuel Hantiniqtonun “Üçüncü Dalğa” əsərində belə bir ifadəsi var: “Böyük liderlər böyük birliklər yaradan liderlərdir”. Məncə Isa bəyə dəyər verənlər belə böyük birliyin onun adı ilə bağlanması üçün çalışmalıdırlar. Ancaq görünən odur ki, birliyin baş tutmamasının məsuliyyətini onun üzərinə qoymaqla kimlərisə yalnız başqan olmaq düşündürür.
– Bugünlərdə Ictimai Palata təsis olundu. Belə bir qurumun yaradılması perspektivdə proseslərin gedişinə necə təsir göstərə bilər?
– Ictimai Palatanın yaradılması müasir dövrümüzün çox mühüm bir hadisəsi hesab oluna bilər. Ilk dəfə olaraq, avtoritarizmə qarşı mübarizə tariximizdə siyasi partiyalarla vətəndaş cəmiyyəti institutları bir araya gəlib, demokratik dəyişikliklər istiqamətində birgə fəaliyyətə qərar veriblər. Bu, “müxalifət parçalanıb” stereotipini tamamilə aradan qaldıraraq, cəmiyyətə ümumi maraqlar naminə birlik mesajları verən çox böyük təsir effektinə sahib mexanizmin yaradılmasıdır. Eyni zamanda, Ictimai Palata cəmiyyətin bütün spektrini əhatə etdiyindən, onu qeyri-rəsmi də olsa, bütün mövcud qurumlardan daha legitim, xalqı təmsil edəcək bir faktor kimi qəbul etməyə imkan verir. Bu baxımdan Ictimai Palatanı mövcud avtoritar rejimə qarşı Azərbaycan xalqını təmsil edən əks-elitanın birliyi kimi də qəbul etmək olar. Ona görə də Ictimai Palatanın qarşısında duran əsas vəzifə hakim komandaya əks-elitanın baxış və yanaşmalarını xalqa və beynəlxalq ictimaiyyətə təqdim etmək, aktual məsələləri gündəmə gətirərək, alternativləri təqdim etməkdir. Bununla yanaşı, Azərbaycan xalqının demokratik potensialını səfərbər edərək, mövcud rejimə qarşı xalqı təşkilatlandırmaq və demokratiya uğrunda xalq hərəkatının lokomotivi olmaq da bu yeni qurumun üzərinə düşür.
Ictimai Palatanın yaranması Azərbaycan xalqının demokratiya potensialını aşağılayanlara çox praktik bir cavabdır. Bu qurum çərçivəsində çox fərqliliklərə sahib siyasi və ictimai qüvvələr bir araya gələrək, ümumi maraqlar naminə, konsensus şəraitində fəaliyyət göstərirlər. Bu baxımdan belə bir mexanizmin yaradılması demokratik prosesləri ənənəvi çərçivədən çıxararaq, ictimai-siyasi proseslərdə vətəndaş iştirakçılığı modelinin tətbiqinə və keyfiyyətcə yeni mərhələnin başlanmasına imkan yaratmış olacaq.
– Son günlər dindarlarla hakimiyyət arasında yaranmış qarşıdurma müxalifət düşərgəsindən necə görünür?
– Biz bütün hallarda insanların dini inanclarına hörmətlə yanaşmağın tərəfdarıyıq. Uğrunda mübarizə apardığımız demokratik cəmiyyətin əsas şərtlərindən biri də fərqli inanc və dəyərlərin uzlaşması, konsensus şəraitində bir arada ola bilməsi imkanını saxlamaqdır. Baxın, avtoritar üsul-idarə olan əksər Islam ölkələrində din siyasiləşir, radikal dini cərəyanlar meydana çıxır. Çünki normal, demokratik yolla insanlar öz düşüncə və maraqlarını reallaşdıra bilmədikdə, cəmiyyətdə üzləşdikləri ədalətsizlik qarşısında qanunlar vasitəsilə öz hüquqlarını qoruya bilmədikdə, cəmiyyətdən küsüb, ilahi ədalətə sığınırlar. Bu zaman radikal qruplar insanların bu vəziyyətindən istifadə edib, dini siyasi vasitəyə çevirirlər. Azərbaycanda da buna bənzər proses gedir. Ona görə də bu gün dinin siyasiləşməsinin və qarşıdurmaların kökü iqtidarın avtoritar mahiyyətində axtarılmalıdır.
Iqtidar çadra məsələsini gündəmə gətirməklə getdikcə güclənən dini qrupları vaxtından əvvəl provakasiyaya çəkib, onları zəiflətmək istədi. Ancaq əks nəticə alındı və Arazın o tayından gələn göstərişlərlə ölkədə vəziyyətin hər an gərginləşə biləcəyi, kifayət qədər güclü dini qrupların mövcudluğu üzə çıxdı. Iqtidarın qarşısını almaqda aciz duruma düşdüyü bu prosesin 5-10 ildən sonra ölkəni hansı vəziyyətə gətirəcəyinə, demokratik müxalifətə qarşı təzyiqlərin sonda hakimiyyəti daha radikal mübarizə aparanlar qarşısında çətin duruma salmayacağına da təminat yoxdur. Bu baxımdan Qərbin iqtidara münasibətinin dəyişməsi fonunda Azərbaycanda proseslərin yaxın gələcəkdə istər Qərb, istərsə də Iran vektoru boyu gərginləşəcəyi gözləniləndir.
Xəyal