“Uzaqgörən” siyasət ölkə Universitetlərinin adını “qara siyahı”ya salıb
Əgər bir ölkənin təhsili və səhiyyəsi xəstədirsə, deməli həmin ölkə bütövlükdə xəstəliyə yoluxub. Təəssüflər olsun ki, hökumətin yartımaz siyasəti hər iki sahəni iflic vəziyyətə salıb və bu sahələrin müalicəsi üçün səy göstərilmir.
Ona görə də bütün siyahılarda, hesabatlarda sonuncu yerdəyik. Belə ki, ABŞ-ın, əsasən, elmi məlumatlar dərc edən «USNews&Worldreport» qəzeti dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. Siyahıda 60-a qədər ölkənin 1000 Universitetinin adı çəkilir. Azərbaycanın ali təhsil ocaqlarının adı bu siyahıya düşməyib. İlk 10-luğa daxil olanlar ABŞ-ın Harvard Universiteti (100 bal), Massaçusets Texnologiya İnstitutu (97.9), Stenford Universiteti (92.9), Kaliforniya-Berkli Universiteti (92.8), Kaliforniya Texnologiya İnstitutu (89.3), Britaniyanın Oksford Universiteti (88.1), Kembric Universiteti (86.3), Prinston Universiteti (86.2), Kolumbiya Universiteti (85.9) və Kaliforniya-Los-Anceles Universitetidir (85.8 bal). Siyahıda İranın 11, Rusiyanın 10 təhsil ocağının adı çəkilir. Hətta qonşu Gürcüstanın dövlət Universitetinni adı da siyahıya düşüb.
Göründüyü kimi siyahıda müsəlman ölkələrinin adı da var və hökumətin “islamafobiya”, “ikilistandartlar” kimi arqumentləri bu dəfə yerimir. Əslində, belə siyahəlar olmadan da Azərbaycan təhsilinin ağır vəziyyətdə olduğunu bilmək çətin deyil. Təhsil korrupsiyaya bulaşıbsa, təhsil verən seçki saxtakarına çevrilibsə, müəllimin əməyi 150-200 manat qiymətləndirlirsə, orta təhsil reptitorlardan asılıdrısa, minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən kənarlaşdırılırsa, xaricdə təhsil proqramı ləğv olunursa, nəticə belə də olmalıdır. YAP hakimiyyəti dövründə təhsil ən axırıncı sırada dayanıb. Büdcədən ən az vəsait təhsil sahəsinə ayrılıb. Diplomun, attestatın pulla satıldığı ölkədə Universitetlərin adı “qara siyahı”da olmalıdır. Elm adamları ölkədən qaçır, yüzlərl əprofessor ölkə xaricində fəaliyyət göstərir, elmi işçilər dilənçi maaşı alır. Nəticədə nə elm verməyə, nə də elm öyrənməyə stimul qalmır.
Bu hakimiyyətin sayəsində ölkəmizin adı korrupsiya, monopoliya, saxtakarlıq reytinqlərində birinci yerdə qərərlaşıb. Dünyanın 1000 Universiteti sırasında adımız olmasa da, dünyanın 22 qeyri-azad ölkəsi sırasına adımızı yazdıra bilmişik.
Hökumət bütün sahələrdə olduğu kimi təhsil sahəsində də imitasiya ilə məşğul olub. Məktəb binaları tikməklə, Universitetləri təmir etdirməklə təhsili inkişaf etdidiklərini sübut etməyə çalışıblar. Amma bütün bunların arxasında büdcədən pul silmək və cəmiyyəti aldatmaq dayanıb. Əgər hökumətin təhsili inkişaf etdirmək fikri olsaydı, təhsil haqları yüksək olmaz, təhsil verənlər ehtiyac bataqlığında yaşamazdı.
Nə qədər ki, bu rejim iş başındadır bizim Universitetlərin adı dünyanın 10000 Universiteti sırasına da düşməyəcək. Bizim hökumətin nəzərində təhsil müəssisələri bazardı. Deməli, bizim Universitetlərin adını bazarlar siyahısında axtarmaq lazımdı. Uzaqgörən və analoqsuz siyasət ölkəni elə vəziyyətə saldı ki, İranın 11 Universitetinin adının olduğu siyahıya, Azərbaycanın 1 Universitetinin adı düşməyib. Sonra da utanmadan deyirlər ki, dünya bizə paxıllıq edir. Əslində isə ölkəni elə hala salıblar ki, dünyanın bizə yazığı gəlir.
Akif