Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev Şuşanın işğalının 20 illiyi ilə bağlı mətbuat konfransı keçirəcəyini bəyan edib. Bu barədə eks-nazir Youtube-da yerləşdirdiyi videomüraciətində açıqlayıb (modern.az).
Eks-nazir ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayevə müraciət edərək Şuşa ilə bağlı hazırlanacaq teleproqrama qatılmaq istədiyini açıqlayıb.
”ANS Şuşa ilə bağlı 2000-2001-ci ilərdə çəkdiyi verilişləri təkrar verir. Mənim əlimdə Şuşanın işğalı ilə bağlı ciddi faktlar var və onların efirdə təqdim olunması üçün Mirşahinə müraciət edirəm. Təəssüf ki, Mirşahin mənim telefon zənglərimə cavab vermir”-deyə R.Qaziyev bildirib.
“Mən mətbuat konfransı keçirərək bütün məsələlərə aydınlıq gətirmək istəyirəm. Şuşanın işğalında günahı olanlar bu gün də vəzifədə oturublar. Mən Qarabağ qazilərinə, şəhid ailələrinə müraciət edərək tədbirə gəlmələrini xahiş edirəm. Sizin ən zəhər dolu suallarınza da cavab verməyə hazıram”-deyə R.Qazıyev vurğulayıb.