Hüquq adına daha bir rüsvayçılıq
Azərbaycanda müstəqil məhkəmənin olmadığını, günahsız insanların şərlənərək həbs edildiyini, ədalətsizliklərin sifarişinin yuxarılardan gəldiyini bilirik və hər gün bənzər hadisələrə şahidlik edirik. Ötən gün isə Azərbaycanda hüquqsuzluğun sərhəd tanımadığı, qanunların kağız parçası olduğu, hökumətin öz vətəndaşına qənim kəsildiyi növbəti dəfə təsdiqini tapdı. Gənc fəal Qiyas İbrahimə 10 il həbs cəzası verildi. Bu gəncin günahı isə heykələ yazı yazması olub. Bəli, heykəlin üzərinə “Qul bayramın mübarək” yazmağın cəzası 10 il imiş. Bu əmələ görə Qiyası cərimələmək, inzibati həbslə cəzalandırmaq olardı. Amma bura Azərbaycandır və qara mantiya geyinmiş hakimlərin ağ qərarlar çıxarması mümkün deyil. Xüsusn də siyasi işlərə baxan hakimlərin missiyası qaranlıqlara işıq salmaq yox, qara qüvvələrin sifarişini yerinə yetirməkdi. Prokuror Qiyasa 9 il iş istədiyi halda, hakim 10 il həbs qərarı verdi. O hakim üçün əsas olan cəmiyyətin münasibəti yox, rejimin “malades”idir. Amma sosial şəbəkələrdə gedən müzakirələrdən də aydın görünür ki, bu hakim özünə lənətdən heykəl düzəldir. Yəni, rejimin “malades”i, cəmiyyətin lənətinin yanıda görünməz olub. Azərbaycanda ədalətin taleyi, ədalətsizliyin zirvəsində oturmuş adamların əlindədir. Bu ölkədə çoxdandır ki, hüququn, qanunun, dəyərlərin özü də heykələ dönüb. Səbəb isə budur ki, cəmiyyət özünü heykəl kimi aparıb. Cəmiyyət iyrənc gedişata “dur” deyə bilməyəndə, rejimlər bütün dəyərləri heykəl kimi daşa döndərir. İndi bizim Konstitusiyamız da, məhkəməmiz də, hakimimiz də heykəl kimi tərpənməzdir. Hansıki, onların missiyası cəmiyyətin heykələ çevrilməsinə əngəl olmaq, insanları daşa döndərmək istəyənləri cəzalandırmaqdı.
Qiyasi İbrahimə 10 il həbs cəzasının verilməsi Azərbaycan adına növbəti rüsvayçılıq idi. Hökumət bir daha etiraf etdi ki, bu ölkədə qanun nəinki şah, heç nökər də deyil. Etiraf etdilər ki, bu ölkədə qanun meyitdi. Bundan sonra hansı üzlə “biz tolerantıq”, “Azərbaycanda insan haqları var”, “dünya bizə qarşı qərəzlidir” deyəcəklər? Öz vətəndaşına qarşı bu qədər qərəzli olan hökumət, dünyanı necə ikilstandartlarda, qərəzdə ittiham edə bilər? Milyardlarla vəsaiti oğurlamaqda ittiham edilənlər, 15 insanın faciəli şəkildə həlak olmasına rəvac verənlər, onlarla sahibkarı işgəncəyə məruz qoyub, şantaj edənlər, vətəndaşı intihar həddinə çatdıranlar mükafatlandırılır, heykələ ürək sözünü yazan gəncə isə 10 il həbs cəzası verilir.
Əgər Qiyas İbrahimin cəzası 10 il həbsdirsə, bəs insanların taleyini cızmaqara edənlərin cəzası nədir? Əgər heykələ yazı yazmağa görə 10 il həbs cəzası verilirsə, qanunları heykələ çevirənlərin cəzası nə qədərdi?
Heykələ yazı yazan gəncə ağır cəza verilir ki, başqalarına ibrət olsun. Bəs, korrupsiya ilə məşğul olan, vəzifə səlahiyyətlərini aşan məmura niyə cəza verilmir ki, digərlərinə də ibrət olsun? Referendum günü onlarla seçki saxtakarlığı faktlarla ortaya qoyuldu. Niyə, bu saxtakarlığa imza atanlar cəzalandırılmadı ki, başqaları da qorxuya düşsün?
Qiyas İbrahimdən heykəlin qisasını aldınız, bəs haqqı pozulan, mülkü əlindən alınan, intihar həddinə çatdırılan adamların qisasını niyə almırsız?
Əlbəttə ki, Azərbaycanda məhkəmələr, hakimlər, hüquq, qanun hökumətin cəza və qisas alətidir. Ölkəni bu qədər gözdən salmaq, bir gəncə qarşı bu qədər qisas hissiylə yanaşmaq olmaz.
Qiyas İbrahimə 10 il həbs cəzası verildikdən sonrakı mənzərə də tam aydın göründü. İnsanlarda qorxu yox, nifrət dalğası üzə çıxdı. Qiyasa hökm oxuyan hakim, iş istəyən prokurur, bu sifarişi verənlər bütün günü “yad” edilir. Beləliklə, Qiyasi İbrahim özünə əbədi heykəl qoymuş oldu, onu cəzalandıranlara isə lənət heykəlləri ucaldılqmaqdadır.
İlham