Dəqiq yadımda deyil, deyəsən ilk dəfə Heydər Əliyev səsləndirib, “Azərbaycanın öz yolu var, biz öz yolumuzla gedirik” şüarını. Ondan sonra bu rejimin irili-xırdalı bütün məmurları bu şüarı dayanmadan, yeri gəldi-gəlmədi, situasiyaya uyğun oldu-olmadı təkrar ediblər.
Mahiyyət etibarı ilə düz də deyirlər, öz seçdikləri yolla gedirlər – Azərbaycanda avtoritarizm quruculuğu yolu ilə. Əvvəl seçki sistemini tamamilə ələ keçirdilər, nəticədə ölkədə bir dənə də olsun legitim seçkili orqan yoxdur. Sonra dövləti vətəndaş cəmiyyətindən ayırdılar, kiçik istisnalar olmaqla bütün vətəndaş cəmiyyətlərini, qeyri-hökumət təşkilatlarını, siyasi partiyaları total nəzarət altına aldılar, müxalifətin ölkənin siyasi həyatına təsir imkanlarını minimuma endirdilər. Oyuncaq parlament, üzüyola məhkəmə sistemi və bütün bunların nəticəsi olaraq hakimiyyətin bir əldə cəmlənməsinə nail oldular. Yəni avtoritar rejim qurdular.
Ancaq iştah diş altdadır, avtoritarizm də bəs etmədi. İndi, 26 sentyabr referendumu ilə təməlini qoyduqları avtokratiyaya keçidlə yollarını davam edirlər. Bu avtoritarizmdən monarxiyaya keçidin aralıq mərhələsidir.
Avtoritarizm ölkə əhalisinin mütləq əksəriyyətinin iradəsi əleyhinə qurulub. Heç kim heç vaxt bu yol üçün onlara mandat verməyib. Son prezident seçkilərinin 58%-lik saxtakarlığı bunun əyani sübutudur. Legitimsizliyin kökü də bundadır.
Amma bir şeyi səhv edirlər. Bu onların öz yolları deyil. Totalitar rejimdən yenicə qurtulmuş, demokratik dəyərlərin hələ oturuşmadığı şəraitdə avtoritar hakimiyyət quruculuğu tapdanmış yoldur. Bunlardan da yaxşı, qat-qat artıq ağılla quranlar olub avtoritarizmi. Hamısının da aqibəti eyni cür olub. İflas.
Avtoritarizmin iflas mexanizmləri çoxdur. Rejimin böhranının başlama vaxtını proqnozlaşdırmaq çətindir. Amma başladısa, hadisələr elə sürətlə cərəyan edir ki, hətta rejimin liderləri nə baş verdiyini, niyə baş verdiyini anlaya bilmirlər. 1978-ci ildə İranda hadisələrin inkişaf sürətindən çaşıb qalan Pəhləvi, o vaxtkı ABŞ səfirindən soruşub: “Məni narahat edən odur ki, baş verənlər KQB-nin imkanları xaricindədir. Deməli bu Britaniya məxfi xidmətinin, ya da MKİ-nin işidir. Niyə MKİ mənim əleyhimə işləmək qərarı verdi?”
İnformatik məkanın qloballaşması avtoritar relimlərin sabitliyini pozan vacib faktorlardan biridir. Daha inkişaf etmiş ölkələrdə siyasi sistemin necə qurulmasını gizlətmək mümkün deyil. Xalqa, xüsusən gəncliyə, onların başqa ölkələrdəki yaşıdlarının hüquqları, azadlıqları olduğu halda, bunların hüquq və azadlıqlarının niyə olmamasını necə izah etmək olar?
Müasir dünyanın iqtisadi inkişafı qabaqcadan söylənməsi çətin olan bir prosesdir. Xammal resurslarının, valyutaların qiymət dəyişməsini dəqiq proqnozlaşdırmaq iqtisadi elmlərin imkanları daxilində deyil. XX əsrin tarixi, nə milli hökumətlərin, nə də beynəlxalq institutların gözləmədiyi böhranlarla doludur. 1994-cü il Meksika böhranını, 1997-1998 illərdə cənub-şərqi Asiyada, Latın Amerikasında maliyyə böhranını dünyanın heç bir institutu gözləmirdi. Azərbaycan hakimiyyəti də 2030-cu ilə qədər neft pulları içərisində üzəcəklərinə əmin idilər. Amma həyatın diqtəsi başqadır. Böhranla üzləşən hökumətlər büdcə xərclərinin azaldılması, vergilərin artırılması, milli valyutanın devalvasiyası və digər belə qeyri-populyar addımlar atmağa məcbur olular. Lakin bu addımları cəmiyyətə qəbul etdirmək üçün hakimiyyətin legitimlik problemi olmamalıdır.
Bundan başqa belə rejimlərdə rejimi zəiflədən hakimiyyətdaxili konfliktlər N qədərdir. Zahirən güclü görünsə də, daxili ziddiyyətlər, şəxsi düşmənçiliklər, institusional effektivsizlik, təşkilatlar, idarələr arasındakı konfliktlər və sair bu kimi hallar diktaturanı zəiflədən faktorlardır. Belə zəifliklər rejimi şəraitin dəyişməsinə, qətiyyətli müqavimətə dözümsüz edir.
Təəssüf ki, avtoritar rejimlərin problemləri onların çökməsindən sonra da bitmir. Normal siyasi proseslərin getmədiyi, xalqa təsir imkanı olan parlamentin, siyasi partiyaların olmadığı bir şəraitdə, “Satqın, antixalq rejimə ölüm” tipli sadə, bəsit süarlar müxalif cazibənin mərkəzlərinə cevrilirlər.
Azərbaycanda avtoritarizm-avtokratiya-monarxiya yolunu gedənlərin bunu özləri üçün görk etməsi, yollarına korrektə etməyəcəkləri halda həm onların özlərinin, həm də xalqımızın, dövlətimizin mütləq yaşayacaqları faciələrdən yayınmağa çalışması hamımız üçün həyati məsələdir.
Siyasət meydanı, dövlət idarəçiliyı kaprizli oğlanların şıltaqlıq yeri deyil.