Gültəkin Hacıbəyli: «Prezident seçkiləri kimi mühüm addım ölkədəki gərginliyi daha da artıra bilər»
Dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını şərh edib. İlham Əliyev “Sputnik”ə müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib edib. Bildirib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir: “Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hələ hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bu günkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbətdə ki, bu etimadı doğrultmağa çalışacağam”.
Referendumun keçirilmə səbəblərindən biri kimi məhz növbədənkənar seçkilərin keçirilməsi niyyəti göstərilirdi. Amma görünən odur ki, hakimiyyət bu niyyətindən daşınıb. Qərarın dəyişməsi səbəbi nə ola bilər?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli vurğuladı ki, görünür, hakimiyyətin özündə də hələ növbədənkənar prezident seçkilərinin keçirilməsiylə bağlı konkret qərar yoxdur. Referendumdan sonra dövlət başçısının prezident seçkilərini istənilən vaxt keçirmək hüququnun yarandığını vurğulayan G.Hacıbəyli bildirdi ki, seçkilərin bu ilin sonunda keçiriləcəyi güman edilirdi. Amma İ.Əliyev müsahibəsində bunu təkzib edib: «Əslində mən gələn ildə prezident seçkilərinin keçirilməsi ehtimalını istisna etmirəm. Ölkədəki vəziyyət çox gərgindir. Bu gün Azərbaycanda qəbul olunan istənilən siyasi qərarın təməlində sosial-iqtisadi faktor durur. Cəmiyyət ölkədə baş verən iqtisadi böhrana, qiymətlərin artmasına çox həssas münasibət göstərir. Ölkədə gərgin ab-hava var. Bu gərginliyin özünü sosial partlayışlarda ifadə etməməsinə baxmayaraq, sosial partlayış üçün münbit zəmin formalaşıb. İstənilən ciddi siyasi aksiya, xüsusilə prezident seçkiləri kimi mühüm addım bu gərginliyi daha da artıra bilər».
G.Hacıbəyli vurğuladı ki, hətta Azərbaycan kimi repressiv ölkədə belə prezident seçkisi öncəsi insanlara müəyyən azadlıqlar tanınmalıdır. G.Hacıbəylinin sözlərinə görə, bu da ölkədəki durumu daha da gərginləşdirə bilər: «Yəqin ki, indiki çətin durumda bu vəziyyətdə seçki keçirməyin özünün də riskli olduğu nəzərə alınır. Ola bilsin ki, hakimiyyət növbədənkənar prezident seçkilərinin keçirilməsiylə bağlı qərarı buna görə verə bilmir».
Xəyal